Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransı (COP29) ilə əlaqədar Bakı metropolitenində silsilə tədbirlərin davamı kimi bir sıra naviqasiya, o cümlədən təbliğat yenilikləri edilməsinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, COP29 Əməliyyat Şirkətinin təqdimatında stansiyalarda tədbirin mahiyyətini geniş ictimaiyyətin diqqətinə çatdıran sosial xarakterli reklam posterlərinin yerləşdirilməsinə və monitorlarda yayımına başlanılıb. Posterlərdə COP29-un mövzusuna uyğun olaraq dünyamızı qorumaq naminə çağırışlar yer alıb.
Bununla yanaşı, stansiya yollarında istiqamət göstəricilərində konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun yerləşdiyi "Koroğlu" stansiyasının nişanı üzərinə COP29-un loqotipi olan məlumat lövhələri yerləşdirilib. Əsas məqsəd iştirakçıların, xüsusən Bakı metropolitenindən az istifadə edən, eləcə də əcnəbilərin səmti rahatlıqla müəyyən etməsinə dəstək olmaqdır.
"COP29 Əməliyyat Şirkəti ilə birgə silsilə tədbirlər davam etdiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq. Bu xüsusda sosial posterlərin yerləşdirilməsi ilə yanaşı, "Koroğlu" stansiyasında tədbir iştirakçılarının Bakı Olimpiya Stadionuna yolunu daha da asanlaşdıran səmt göstəricilərinin yerləşdirilməsi işləri də aparılacaq.
Qeyd edilənlərlə yanaşı, COP29 tədbiri iştirakçılarına dəstək məqsədilə metropolitendə Əməliyyat Şirkətinin seçimi və təşkilati dəstəyi əsasında könüllülərin fəaliyyəti də təmin ediləcək. Hazırda bu işlər son mərhələsindədir", - deyə məlumatda qeyd olunub.
Rəylər