"Bakıda Mehdi Mehdizadə və Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı bir nəfər qapalı kəllə-beyin travması alıb".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 23 oktyabr, saat 21:30-da Mehdi Mehdizadə və Yusif Səfərov küçələrinin kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan şəxs (qadın cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub", - deyə məlumatda bildirilir.
Bu gecə Bakı şəhərində skuter sürən xanımı maşın vurub.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYPİ) sorğu ünvanladıq.
İdarənin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
"Hadisə gecə saat 22:00-da Mehdi Mehdizadə və Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, Ceyhun Firəddin oğlu Məmmədov idarə etdiyi BYD markalı, 77-SR - 823 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə skuter sürən xanımı vurub. Hadisə nəticəsində skuter sürən Lətifə Anar qızı Əmrahova xəsarət alıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
Əzizə İsmayılova
Rəylər