Paytaxtın Moskva prospektindəki tuneldə hərəkət edən, tüstü borusundan qığılcım çıxan yük maşını sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Belə ki, "KamAZ" markalı 10-XC-674 dövlət nömrə nişanlı yük maşını digər nəqliyyat vasitələri üçün təhlükə yaradıb.
Videoda aydın şəkildə görünür ki, nasaz vəziyyətdə olan yük maşını tüstü borusundan qığılcımlar saçaraq tuneldə hərəkət edir ki, bu da istənilən an yanğın və ya partlayışa səbəb ola bilərdi.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, yayılan videogörüntü ilə əlaqədar araşdırma aparılıb.
"Sürücü barəsində qanunamüvafiq tədbir görüləcək. Qeyd etmək istərdim ki, hər bir halda nəqliyyat vasitəsinin bu şəkildə idarə edilməsi yolverilməzdir", - deyə T.Nəsirli vurğulayıb.
Əzizə İsmayılova
Rəylər