Son günlər Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri ictimaiyyət arasında müzakirələrə yol açıb. Bu narahatlıq bəzi tarixi bina fasadlarının, o cümlədən daşla üzlənmiş binaların rənglənməsi işlərinə başlanılmasıdır.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin məlumat yayıb.
Bildirilib ki, aparılan abadlıq işlərinin səbəbi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxt ərazisində bir sıra binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işlərinin həyata keçirilməsidir:
"Bir daha xatırladırıq ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Hazırda həyata keçirilən işlərin təcililiyini nəzərə alaraq, yaranan problemləri yerində həll etmək məqsədi ilə sözügedən təşkilatların əməkdaşlarından ibarət olan işçi qrup yaradılıb. Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış keçirir, görülən işlər nəzarətdə saxlanılır. Sözügedən tədbirlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə müvafiq işləri həyata keçirən "Bakı Abadlıq Xidməti" MMC ilə koordinasiyalı şəkildə təmin edilməsi üçün tədbirlər görülüb".
Qeyd olunub ki, son illər ərzində abidələrin məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb- qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənib, balkon və eyvanlar şüşələnib, fasadlarda müxtəlif naqillər və borular çəkilib, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənib, kondisionerlər və reklamlar quraşdırılıb:
"2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verib. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyib. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarıb ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub".
Həmçinin vurğulanıb ki, uzun illər ərzində müxtəlif müdaxilələrə məruz qalmış fasadların görkəminə qaytarılması, eyni zamanda qopmuş, qırılmış yerlərinin bərpası, kommunikasiya xətlərinin və məişət qurğularının səliqəyə salınması həyata keçirilir.
"Qeyd olunanlarla bağlı uzun illər öncə görkəmi dəyişdirilən və ona uyğun olaraq yenidən rənglənən fasadların təmizlənməsi təmin olunur. Fasadların daş hissələri, o cümlədən son illərdə rənglənmiş daş fasadlar təzyiq altında su ilə təmizlənir. Lakin əvvəlcədən daşla üzlənməyən binaların hissələri tikinti zamanı istifadə olunan orijinal rəngə mümkün qədər uyğun gələn rənglə boyanacaq. Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur", - deyə məlumatda bildirilib.