Uşaqlar sabaha ümidimizdir. Sağlam gələcək naminə uşaqlarımızın sağlamlığının da qorunması hüquqları qədər önəmlidir.
Oxu.Az-ın əməkdaşları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə A.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında balacaları ziyarət ediblər.
Həkim müayinəsinə gəlib, mikrofon, kamera görən uşaqlar "ağ xalat", iynə qorxusunu unudurlar. Onların məxsusi bayramı olduğunu yadlarına salırıq. Bəziləri ilk dəfə bizdən eşidirlər. Gözləri parıldayır. Arzu-istəklər aşıb-daşır.
Dörd yaşlı Banu bayramda ona "Barbi" kuklası hədiyə edilməsini istəyir:
"Parka gedəcəyəm. Orada Damla və Ömərlə sürüşkəndən sürüşəcəyəm. Sonra atlara gedəcəyik".
Doqquz yaşlı Nihad anasından ona dron almasını istədiyini deyir:
"Dronla gizli çəkiliş edəcəyəm. Dənizin üstündən, suyun üzərindən çəkiliş edəcəyəm. Buradan anamla parka gedib futbol oynayacağam. "Qalatasaray"ın forması yoxdur, onu da anama aldırmaq fikrim var. Buradan bütün uşaqlara demək istəyirəm ki, analarına çox şey aldırmasınlar".
Beş yaşlı Rafael deyir ki, bu günün bayram olduğunu bilmirmiş. Biləndə ki uşaqların bayramıdır, anasına yaşadıqları evin yaxınlığındakı parka getmək istədiyini deyir. Əlavə edir ki, çoxlu və rəngbərəng maşınları, avtomatları var.
Oxu.Az kollektivi olaraq bütün uşaqların bayramını ürəkdən təbrik edir, o gözəl çöhrələrindən heç vaxt gülüşün əskik olmamasını diləyirik!
@oxuaz Uşaqlardan yaşıdlarına bayram təbriki
♬ original sound - Oxu.az News
Könül Cəfərli
Rəylər