"Balakən rayonunda 2008-ci ildə açılan kanat illərdir istifadəsiz qalıb. Turistlər kanat adı ilə gəlirlər, görürlər bağlıdır, kor-peşman qayıdırlar".
Bu şikayətlə "Qafqazinfo"ya rayon sakinləri müraciət ediblər.
Onlar bildirirlər ki, kanat yolu istifadəyə veriləndən sonra cəmi bir neçə il normal qaydada işləyib. Sonradan hansısa detalında nasazlıq yaranıb:
"Kanat yolu rayonun mənzərəli yerində inşa olunub. Turistlər gələndə buradan ətrafı seyr edirdilər. İllərdir ki, hansısa xarab detala görə fəaliyyətini dayandırıb. Halbuki bunu təmir etmək elə də çətin iş deyil".
Problemlə bağlı Balakən Rayon İcra Hakimiyyəti bildirilib ki, kanatın təmiri nəzərdə tutulub:
"Kanatın troslarında müəyyən yeyilmələr var, bəzi detallarda amortizasiya var. Böyük xərc tələb edən bir ehtiyat hissəsində nasazlıq yaranıb. Biz onu tədbirlər planına salmışıq. Növbəti ildə təmir olunacaq. Bu vaxta qədər bağlı olması da tələb olunan vəsaitə görə idi".
Qeyd edək ki, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən kanat yolu 2008-ci ildə istifadəyə verilib. Yolun uzunluğu 1 200 metrdir. Altı kabinəli buraz (tros) yolundan saatda 216 nəfər istifadə edə bilər.
Balakəndə turistlər kanat adı ilə gəlib, kor-peşman qayıdırlar
Rəylər