Sentyabrın 16-da ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.
Oxu.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 513 698 şagird təhsil alacaq. I sinifdə 46 098, IX sinifdə 44 223, X sinifdə 35 757, XI sinifdə 32 260, XII sinifdə 156 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 201 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 216 beşyaşlının cəlb olunacağı gözlənilir.
Bu il ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.
Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 830 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, yeni tədris ilində ali təhsil pilləsi üzrə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.