Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 136 nömrəli tam orta məktəbdəki təmirsiz sinif otaqları valideynlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a valideynlərdən biri məlumat verib.
O şikayətində iddia edib ki, məktəbin direktoru Aysel Şərbətova valideynlərə "Kimə istəyirsiniz şikayət edin, bəyənmirsiniz uşaqlarınızı məktəbdən çıxardın, başqa məktəbdə təhsil alsınlar, bu, sizin haqqınızdır" deyib. Həmçinin o, sinif otaqlarının bu halda olmasının günahını da valideynlərdə görüb.
"Məktəbdəki siniflər elə gündədir ki, orada uşaqların dərs oxuması üçün heç bir şərait yoxdur. Sinfin qapılarında salamat yer yoxdur, döşəmə dağılıb, divarlardakı suvaq uçub tökülüb. Direktora şikayət edəndə isə deyir ki, bunu sizin tərbiyə verdiyiniz övladlarınız edib. Lakin bildirmək istərdim ki, həmin sinfə daxil olanlar ibtidai sinif şagirdləridir və hələ bu il məktəbə gedəcəklər. Əgər bunları uşaqlar edibsə belə niyə vaxtında lazımi tədbirlər görülməyib?" - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı 136 nömrəli tam orta məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin təmiri məsələsinin növbəti sosial inkişaf proqramında nəzərə alınması gözlənilir:
"Sentyabrın 12-si məktəb direktoru ilə valideynlərin görüşü keçirilib. Bir neçə valideyn V siniflərin II növbəyə keçirilməsi ilə bağlı narazılığını ifadə edib, digər məsələlərdə anlaşılmazlıq olmayıb. Valideynlərə bunun səbəbləri və tədrisin təşkili ilə bağlı məktəbdaxili qaydalar izah olunub. Bəzi valideynlər növbəyə görə övladının məktəbini dəyişmək istədiyini bildirib.
Məktəbin təmir olunması məsələsi diqqət mərkəzində saxlanılır. Həmçinin məktəbin təmirinin növbəti sosial inkişaf proqramında nəzərə alınması gözlənilir".
Əzizə İsmayılova
Rəylər