Paytaxtımızda avtobus və velosiped sürənlər üçün müvafiq zolaqlar ayrılıb. Həmin zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Bu zolaqlarda hərəkət edən taksi və digər nəqliyyat vasitələrinin sürücüləri üçün təyin olunan cərimənin isə kəskin artırılması nəzərdə tutulur.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən həftə keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, "Yol hərəkəti haqqında" Qanunun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə təyin edilir. Hazırda bu cərimə 40 manatdır.
Bəzi xarici ölkələrdə, məsələn, Finlandiya və İsveçrədə, cərimələr sürücülərin aylıq gəlirlərinin xüsusi düsturla hesablanması ilə təyin olunur. Üstəlik, Finlandiyada qayda pozan sürücünün avtomobilinin dəyəri də rol oynayır.
Bəs Azərbaycanda belə bir sistemin tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev cərimələrin standart olduğunu vurğulayıb:
"Cərimələr hər yerdə standartdır. Düzdür, bu, ölkələrə görə dəyişir. Amma kiminsə maaşının azlığı və ya çoxluğuna görə müəyyən edilmir.
Azərbaycanda cərimə məbləği aşağı olduğu üçün camaat bu qədər qayda pozur. İnkişaf etmiş ölkələrdə qaydalar ona görə işlək vəziyyətdədir ki, cərimələrin məbləği çoxdur. Güzəşt edilmir. Qayda pozuntusunu edən adam ciddi şəkildə cəzalanır, ikinci və üçüncü dəfə xətanı təkrarlamır. Bu şəkildə tənzimlənir.
Məsələn, bizdə parklanma qaydalarının pozulmasına görə sürücü 10-20 manat cərimə olunursa, Avropada elə yerlər var ki, bu məbləğ 200 avrodur. O da maaşa görə müəyyən edilmir. Kim qaydanı pozsa, o məbləğdə cərimələnir".
Ekspert Eldəniz Cəfərov isə qeyd edib ki, bütün dünyada cərimələr həmin ölkənin minimum və orta əməkhaqqısına nisbətən hesablanır:
"Azərbaycanda da belədir. Cərimələrin hamısı standart deyil, fərqlidir. Bunlar qayda pozuntusunun ağırlığı ilə ölçülür. Ona əsasən də cərimə tətbiq edilir. Ağır qayda pozuntularına görə bizdə cərimələr heç də aşağı deyil, yüksəkdir".
Nəqliyyat ekspert Rauf Ağamirzəyev isə əlavə edib ki, çox təəssüf ki, Azərbaycanda bəzi cərimələr aşağı məbləğdə olsa belə, effektiv deyil:
"Buna görə də cərimə məbləğlərinin qaldırılması yönündə Milli Məclisdə təklif irəli sürülüb. Bir küçədə fərqli hərəkət iştirakçıları var. Əgər piyada hərəkət etdiyi zaman onun səkisində zəbt halı varsa, bunun cəriməsi bu gün 20 manatdır, lakin əməl edən yoxdur. Bu cərimə çox aşağıdır. Qaldırılmalıdır. Fərqli hərəkət iştirakçılarının hamısı sağlam deyil".
R.Ağamirzəyev bildirib ki, Azərbaycanda zolaqlara müdaxilənin cəzası ağır olmalıdır:
"İnsanları şəxsi minik avtomobillərindən digər nəqliyyat növlərinə yönəltmək üçün velosiped və avtobus zolaqlarında sürət üstünlüyü təmin olunmalıdır. Hərə öz yolu ilə hərəkət etməlidir. Onlar zəbt olunarsa, funksiyası aşağı olacaq.
Velozolağa müdaxiləyə görə cərimə işləmir. Avtobus zolağına müdaxilənin cəriməsi 40 manatdır, onu da edən yoxdur. Çünki olsaydı, statistikası olardı. Əgər biz fərqli hərəkət növlərini təşviq ediriksə, onlar üçün müvafiq şərait olmalı, daimi təhlükəsizlik təmin edilməlidir.
Cərimə onun üçündür ki, qanun pozulmasın. Qanun varsa, əməl olunmalıdır".
Vəkil Nərmin Həsənli isə bu fikirdədir ki, cərimənin məbləği iqtisadi faktorlardan asılı olaraq fərqləndirilməməlidir:
"Zənnimcə, cərimənin tətbiqində müxtəlif faktorlar nəzərə alınmalıdır. Vahid cərimə məbləği tətbiq olunmalıdır. Maşının qiyməti və ya şəxsin gəlirlərinin buna heç bir təsiri olmamalıdır.
Ümumiyyətlə, cərimə məbləğləri tətbiq olunarkən cəmiyyətin həyat şəraiti, maddi vəziyyəti, orta aylıq əməkhaqqısı və s. nəzərə alınır, məcmu halında qiymətləndirmə aparılır. Cərimələrin məbləğini kor-koranə qaldırmaq mümkün deyil. Çünki bu, reallığa da ziddir. Mütləq şəkildə artım düşünərkən digər faktor nəzərə alınmalıdır.
Azərbaycan və Finlandiya fərqli ölkələrdir. Burada mental dəyərlər, sosial və maddi vəziyyət bir-birindən fərqlənir. Onların tətbiq etdiyi sistemi öz ölkəmizə tətbiq edə bilmərik. Buna mənəvi olaraq cəmiyyətimiz hazır olmalıdır. Onun təbliğatı getməlidir. Son nəticədə reallaşması mümkün olar. Bu məsələdə cərimə vahid olaraq təyin edilməlidir".
Nəzrin Vahid
Rəylər