"Mən vaxtilə vəzifəli şəxslərdən "nə üçün Bakının kanalizasiya sistemi yenidən qurulmur?" soruşanda cavab verdilər ki, "bilirsiniz nə var, buna milyardlarla pul lazımdır". Başa düşürəm, amma hər bir halda kanalizasiya sistemini Bakı qəsəbələrində də, mərkəzdə də yenidən qurmağa ehtiyac var axı. Hissə-hissə də olsa, daha aktual olan yerlərdə yeni sistem qurulmalıdır. Sən görürsən ki, yağış yağdı və harada gölməçələr əmələ gəldi, hansı küçələr bağlandı... Axı bu görünür. Heç olmasa həmin küçələri birinci növbədə düzəldərək normal hala salmaq lazımdır. Təbii ki, "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovu əvəz edən Köçərli Həsənov buna məsuliyyətlə yanaşmalıdır. Lap spesifik olaraq deyə bilmərəm, amma faktdır ki, əhali narazıdır. Prezidentimiz məsələni sizə həvalə edib, etibar edib. Siz bu işə elə məsuliyyətlə yanaşmalısınız ki, xalq hökumətdən narazı qalmasın. Etmirsiniz axı. Məsuliyyətlə yanaşın!"
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"Mən buna "bəla" deyərdim. Bəlanın baş verməsində obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəblər budur ki, Bakının kanalizasiya sistemi köhnədir. Olduqca çox binalar tikilib. Onların da kanalizasiya xətti eyni yerə axır. Təbii ki, qar, yağış yağanda kanalizasiyaların gücü çatmır və su kanalizasiya sistemlərindən çölə çıxır. Subyektiv səbəblərə gəlincə, axı uzun müddət keçib. Başa düşürük ki, çətinlikləri var. Hesab edirəm, kanalizasiya məsələsi proqram şəklində yenidən qurulmalıdır. Bildiyimə görə, Bakının yeni işlənmiş Baş Planında bu da nəzərdə tutulur, amma uzaq perspektivdədir. Cari məsələlər sırasında bununla məşğul olmaq lazımdır. Heç olmasa, şəhər təbii hadisələrə müəyyən qədər hazır olsun. Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinin də, kanalizasiya sisteminə baxan məsul şəxslərin də dəyişilməsinə baxmayaraq, problemlər yerində sayır. Həll etmək zəruridir", - o bildirib.
Rəylər