Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkiyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Səfərov rayonun Qaraxanlı kəndində seçicilərlə görüş keçirib.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında partiyanın seçkiyə "Yeni dövrə yeni Azərbaycanla!" şüarı ilə qatılaraq, yeni hədəflərə doğru inamla addımladığını, bütün sahələr üzrə əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu, iqtisadi imkanlarımızın daha da artdığını, əhalinin rifahının daha da yaxşılaşdığını vurğulayıb. O, seçicilərin YAP-ın namizədlərinə səs verməklə daha qüdrətli Azərbaycan naminə düzgün seçim etmiş olacaqlarını bildirib.
Görüşdə çıxış edən deputatlığa namizəd Nizami Səfərov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan müvəffəqiyyətlərdən bəhs edib. O, xalqımızın tarixi zəfər qazandığını və bundan sonra daha da möhtəşəm uğurlara imza atılacağını bildirib.
Namizəd daha sonra YAP-ın seçki platformasından danışaraq seçiciləri parlament seçkisində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə şəhid Elmar Şirinovun anası Amana Nəsirova və kənd ziyalısı Namazəli Məmmədov çıxış edərək seçiciləri seçki günü fəal olmağa və YAP-nın namizədinə səs verməyə çağırıblar.