“TikTok” sosial şəbəkəsində səviyyəmi qorumaq üçün canlı yayım açmıram. Həm əlçatan olmaq istəmirəm, həm də buna zamanım yoxdur”.
Bunu Oxu.Az-a müsahibəsinə “TikTok” sosial şəbəkəsində musiqi, kino və aktyorlar barədə məlumat paylaşan bloqer Nazim Qasımzadə deyib.
Bloqerlə müsahibəni təqdim edirik:
- Nazim bəy, necəsiniz? İşləriniz necədir?
- İşlərim yaxşıdır. Öz axarında davam edir. Yeni mövzu axtarışındayam. Vloqlar hazırlanır. Əvvəldən keçmiş kinolarımız, musiqilərimiz və aktyorlarımızın həyatı mənim marağımda olub. Bu da həvəsimdən irəli gəlir. Bəzən yol gedən zaman məlumatları tapıb, oxuyuram ki, vaxt itkisi olmasın.
Məlumatları tapmağa çalışıram. Bəzən unudulan şəxsləri tapmağa çalışıram. Təəssüf ki, bu gün yersiz və bayağı mövzular daha çox gündəm olur. Amma elmi mövzulara toxunulmur. Görünür bayağı trenddədir.
- Özünüz haqqında məlumat verməyinizi istərdim.
- Lənkəranda böyümüşəm. Hazırda 26 yaşım var. 2018-2019-cu illərdə jurnalist olaraq fəaliyyətə başlamışam. Ali təhsili başqa sahə üzrə almışam. Kimsə məni yaxınına buraxmırdı. Jurnalistikaya başlayanda mənə deyirdilər ki, rayondan gəlmisən, təhsilin də yoxdur. Deyirdim ki, bacaracağam. Mənə inanıb, etibar edənlər də oldu. Onların sayəsində tanındım. Vaxt var idi ki, məni görməzdən gəlirdilər. Gözlədiyim adamlar qapını üzümə bağladılar. Videolarım baxılandan sonra həmin insanlar alqışladılar. Film və sənətkarlarımızı araşdırmaq hər zaman ürəyimdə olub. Heç vaxt bu hobbini ürəyimdən atmamışam.
- Nazim bəy, “TikTok” platformasında sizin videolarınızla qarşılaşdıq. Mahnılarımızın və filmlərimizin tarixi ilə bağlı araşdırma aparırsınız. Necə oldu ki, bu layihəyə başlamaq qərarına gəldiniz?
- İlk dəfə nəşi yandırılan Əməkdar artist Sona Aslanova ilə başlamışam. İlk videonu onunla bağlı hazırladım. Mən həmin gün studiyaya ad günü çəkilişi etmək üçün getmişdim. Düşündüm onu oxuyum. Birdən oldu. Avtobusda gedəndə haqqında məlumat oxumuşdum. Çox təəccüblənmişdim. Düşündüm ki, onun haqqında danışım.
Bir gecədə ulduz oldum. Gecə paylaşdım. Video 700 min izlənmişdi. Özüm təəccübləndim. Ötən ilin aprel ayından başlamışam.
“Instagram”da paylaşmağı risk etmirdim. Düşünürdüm ki, izləyicim azdır. Videonu da proqram qəbul etməyə bilər. Baxış sayı az olanda da məyus oluram. Səhvi özümdə axtarıram. Düşünürəm ki, bəlkə səhv qurmuşam.
Videoların arxasında yuxusuz gecələr dayanır. Bəzən şəxslərin ailə üzvləri ilə əlaqə saxlayıram. Bir gün səhər saat 5 radələrinə qədər Rübabə Muradovanın həyatını oxudum. Onun səsi canlı orkestrdir. Çox əziyyətlər və zülmlər görüb. Oxuyub, dəhşətə gəlirdim. Həyatı məni çox təəccübləndirmişdi. Leyla Bədirbəylinin həyatı da təsirləndirmişdi. Leyla xanım Azərbaycanın və Qafqazın gözəli idi. Dərd və qəm içində solub. Övladını və həyat yoldaşını itirib. Yoldaşı avtomobil qəzasında həyatını itirib. Ardınca qızı da yolu keçəndə qəzaya səbəb olub. Bir il intervalla olub bu iki hadisə, bunlardan sonra aktrisa solub. Hər şeydən küskün şəkildə də dünyasını dəyişib.
- Çəkiliş üçün xüsusi məkan seçə bilirsinizmi?
- Sanballı görünməsi üçün maraqlı yerlər axtarıram. Studiya çəkilişləri edirəm. “TikTok” sosial şəbəkəsində artıq bir ilim olacaq. Videolarım “YouTube” üzərindən də kifayət qədər baxış əldə edib. Yarım milyon izlənilib.
- Sosial şəbəkə üzərində qazancınız olur?
- “TikTok” bir qəpik də qazanmamışam. Canlı yayım da açmıram. Səviyyəmi qorumağa çalışıram. Həm də canlı yayım açsam, çox tez əlçatan olaram.
Bu gün sosial media vasitəsilə Azərbaycan tamaşaçısı sevdiyi adama asanlıqla çıxa bilir. Onsuz da canlı yayım açsam da, sənətkarların həyatından, filmlərdən və musiqilərin tarixindən danışacağam. “TikTok”da belədir ki, 100 min izləyici olandan sonra şərh yerinə hədiyyə ata bilirlər. 25 min izləyicim var. Səhifəni özüm yığmışam. Hazır olmayıb.
- Nazim bəy, sizə reklam təklifləri gəlib?
- Bəli. Bəzən reklam təklifləri gəlir. Reklama çəkilməmişəm. Baxmışam ki, uyğun deyil. Yalandan kimi isə tərifləyə bilmərəm. Kütləni qoruyub saxlamaq əsasdır. Saxlamağa çalışıram.
- Sizdən sonra bu mövzulara toxunulduğunu dediniz.
- Məndən sonra hamı oyandı. Bu mövzuda verilişlər çəkilir. Yatmışdılar oyandılar. Efir daha çox məsuliyyətdir. Bu gün video hazır olmadısa, sabah edə bilərəm. Efir elə deyil. Təkliflər yaxşı olmadığından dəyərləndirməmişəm. Efirə çıxıramsa, yaxşı çıxmaq istəyirəm. Mədəniyyətdən anlayışı olmayanlar mədəniyyətdən danışırlar. Bilgiləri belə yoxdur. Gözəl studiya, peşəkar aparıcı, amma qonaqda mövzu sınır.
Bəzən dost tanış atır ki, sənin layihənin eynisidir. Deyirəm ki, “eybi yox, qoy bunun təbliğini aparsınlar, mən kölgədə qalım, eybi yox”.
- İlk hansı musiqinin tarixini araşdırdınız? Həmin günü necə xatırlayırsınız?
- “Laçınım” musiqisi mənə uğur gətirdi. Onun haqqında Laçın Şəhəri Günü danışdım. Həmin gün video üç milyon baxıldı. “Laçınım”dan sonra “Sən gəlməz oldun”un tarixini araşdırdım. Çünki həmişə qulaq asanda kədər hiss edirdim. Düşünürdüm ki, görəsən niyə? Ələkbər Tağıyev çox gənc yaşında vəfat edən qardaşının gəlini Sevdaya yazıb. Sevda xərçəng xəstəsi olub. Mübarizə aparsa da, sonda məğlub olub. Türkiyədə də bu mahnı sevilir. Videonu paylaşdım. Gördüm maraqlı rəy gəlir. İnsanlar kövrəlir. Kövrəltməməyə çalışıram. Qürur hissi yaşatmaq istəyirəm.
- İşinizi hansı şəkildə sistemləşdirirsiniz? Bu sizin neçə saat vaxtınızı alır?
- Günlərlə vaxtımı alır. Situasiyadan asılıdır. Mən uşaqlıqda Azərbaycan filmlərinə baxmışam. Sistemləşdirmək çətindir. Bəzən ətrafımdakılara deyirəm ki, Azərbaycan filmlərindən hansını xoşlayırsınız? Belə-belə axtarıram.
“Qaçaq Nəbi” (“Qanlı zəmi”) filmindəki “Həcər”in hadisələri elə həyatda da film kimi olmuşdu. Həyat yoldaşı onu çox qısqanırdı. At “Həcər”i dağlara aparırdı. Ənvər müəllim (“Sirac” rolunun ifaçısı Ənvər Həsənov - red.) at səhnələrini özü oynayır. Mömünat xanımı (“Həcər” rolunun ifaçısı Mömünat Qurbanova - red.) qorumaq üçün. Həyat yoldaşına görə, at səhnəsinə özü çəkilib (xanımı atdan qorxduğu üçün onu qadın kimi qrimləyiblər). Mömünat xanım 50 yaşında doğum günündə avtomobil qəzasında dünyasını dəyişib.
“Qal sənə qurban” mahnısından danışdım. Çox baxış sayı gəldi. Başlığa da qoymuşdum ki, indi elə sevgilər tarixə qovuşub.
- Mahnıları necə seçirsiniz?
- Mən, ümumiyyətlə, retro mahnılarını sevirəm. Bəzən unudulmuş mahnıları tapıb dinləyirəm. Və düşünürəm ki, tarixini araşdırmaq lazımdır.
- Ən çox bəyəndiyiniz araşdırmanız hansıdır?
- Bu günə qədər 100-dən çox araşdırmam var. Ayırmaq olmur. Öz övladım kimidir. Hamısını bəyənirəm. Hər birinin üzərində əziyyətim var. Onu necə ayırım?
- Bəzən kövrəldiyinizi dediniz.
- Məşhurlarımızın əksəriyyətinin həyatı o qədər çətin olub ki, danışanda kövrəlirsən. Şəfa Hüseynova haqqında danışanda kövrəlmişəm. 30 yaşında vəfat edib. Arzusu Alim Qasımovu canlı dinləmək olub. Ailəsi onu komadan ayıltmaq üçün Alim Qasımovdan xəstəxanaya gəlib oxumasını xahiş ediblər. Alim bəy gəlib, oxuyub, amma Vəfa ayılmayıb.
- Bu layihəyə başlamaqda sizə kim dəstək göstərib?
- Heç kəs olmadı. Bir-iki dostum dəstək oldu. Gözlədiklərim dəstək olmadı. Sədd qoymağa çalışdılar. Məni görməzdən gələnlər indi dəridən-qabıqdan çıxırlar.
- Başqa nə kimi planlarınız var?
- Efirdə böyük layihə ilə bu mövzuların üzərində işləmək istəyərəm. İndi bir dəqiqəyə sığdırmağa çalışıram. Efirdə olsa, daha uzun alınar. Planlarımız çoxdur. Yavaş-yavaş başlayıram.
- İnsanlar necə münasibət göstərdi?
- Qınaq olmadı. Tənqid və təhqir də olmadı. “TikTok”da tənqid olunmayan yeganə insanam. Deyirlər ki, “nə etsən də, tamaşaçı tənqid edəcək”. Xeyr, belə deyil. Sənətkarların övlad və ya nəvələri hədiyyə göndərirlər. Götürmürəm. Ummuram. Xaricdən də göndərirlər.
- İzləyicilərinizin xarici ölkələrdən daha çox olduğunu dediniz.
- Məni izləyənlərin çoxu xaricdə yaşayan azərbaycanlılardır. Şərhdə yazırlar. Xaricdə yaşayanlara daha çox maraqlıdır. Bəzən videolara altyazı verirəm ki, xaricilər də başa düşsünlər.
- Bir müddət əvvəl sənət adamları ilə çalışırdınız. İndi bəs?
- Hamı ilə dostluğum qalıb. Keçmişi də unutmuram. Bəziləri dönük çıxdılar. Gördülər ki, Nazim nə varsa, odur.
- Sosial şəbəkə hesabınızın təhlükəsizliyini necə təmin edirsiniz?
- Səhifəni sıfırdan özüm yığmışam. Ona görə, şirkət tərəfindən təhlükəsizliyi qorunur.
Daha çox foto burada: PhotoStock.az
“TikTok” sosial şəbəkəsində səviyyəmi qorumaq üçün canlı yayım açmıram. Həm əlçatan olmaq istəmirəm, həm də buna zamanım yoxdur”.Bunu Oxu.Az-a müsahibəsinə “Tik...
Nəzrin Vahid
Rəylər