Bakıda, Dövlət Bayrağı Meydanında yenidən üçrəngli bayrağımız dalğalanır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bayraq hazırda test məqsədilə asılıb və açılış müddətinə kimi bir neçə dəfə proses təkrarlanacaq.
Xatırladaq ki, Dövlət Bayrağı Meydanında aparılan təmir işlərindən sonra ilk dəfə test məqsədi ilə bayrağımız bu il avqust ayının 2-də asılmışdı.
Qeyd edək ki, Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
20 000 kvadratmetr ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr (2010-2017), bünövrəsinin diametri 3.2, bünövrənin üst hissəsinin diametri 1.09 metr idi.
Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2 450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət Himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
2021-ci ildə Türkiyənin "Çimtaş" şirkəti Azərbaycan üçün yeni bayraq dirəyi hazırlamağa başladı. Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacağı bildirilmişdi. Qeyd olunurdu ki, dirək əsasından yuxarıya qədər diametri 5.7 metrdən 2 metrə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.
Tamamlanma işlərinin nə zaman yekunlaşacağı ilə bağlı rəsmi məlumat verilməyib.
Əzizə İsmayılova