Ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, digər beş nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə Reanimasiya Şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.
Qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə Şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
1980-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya Şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır.
Rəylər