Türkiyə-Azərbaycan Universitetində (TAU) tədrisin ikinci həftəsi sona çatır. 84 tələbənin təhsil aldığı TAU bu gün həm Azərbaycanın, həm də türk dövlətlərinin diqqət mərkəzindədir.
Modern.az Türkiyə-Azərbaycan Universitetinin qonağı olub.
Universitet qısa müddətdə fəaliyyətə başlasa da, bütün yeni texnologiyalar və laboratoriyalarla tam təmin edilib. Ali təhsil ocağında tədris otaqları ilə yanaşı, tələbələrin asudə vaxtlarını keçirməsi üçün xüsusi yerlər ayrılıb.
Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşlığı ilə fəaliyyət göstərən universitetin müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və Hacettepe Universitetindən dəvət olunub.
AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, Türkiyə-Azərbaycan Universitetində kompüter mühəndisliyi, qida mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə 84 tələbə təhsil alır. Kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universiteti (ODTÜ), qida mühəndisliyi ixtisasında Hacettepe Universiteti, sənaye mühəndisliyi ixtisasında isə İstanbul Texniki Universitetinin proqramı əsasında tədris aparılır.
"Türkiyə-Azərbaycan Universiteti dünyada ilk "çətir universitet" modelidir. Yəni ali təhsil müəssisəsi ölkəmizdən Azərbaycan Texniki Universitetinin, qardaş ölkədən isə İstanbul Texniki Universitetinin, Orta Doğu Texniki Universitetinin və Hacettepe Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərir".
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında ortaq universitet layihəsi 2023-cü ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra açıqlanıb. Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə anlaşma memorandumu 19 fevral 2024-cü ildə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Sevinc İsgəndərovanın sözlərinə görə, hazırda TAU-da Türkiyədən gələn müəllimlər tədrisə cəlb ediliblər.
"Türkiyəli müəllimlər tərəfdaş universitetlər tərəfindən xüsusi olaraq yönləndirilib. Bu gün TAU-da dərs deyən müəllimlər illərdir həmin tərəfdaş universitetlərdə fəaliyyət göstərən müəllimlərdir".
TAU-da idarəetmə sistemi bölümlər və bölüm rəhbərləri əsasında qurulub. Hər bölüm rəhbəri yalnız öz bölümünə rəhbərlik edir. Qəbul prosesi isə Azərbaycanın qəbul sistemi əsasında, yəni Dövlət İmtahan Mərkəzinin imtahanı vasitəsilə həyata keçirilir.
Universitetin qida mühəndisliyi bölməsinin rəhbəri Ümran Uygunun sözlərinə görə, qida mühəndisliyi ixtisası Hacettepe Universitetinin proqramı əsasında tədris edilir:
"Bizim bölümdə ilk tədris ilində 27 tələbə qəbul edilib. Hazırda onlarla birlikdə tədris proqramımız başlayıb. Türkiyədə bu ixtisasın tarixi 40 il əvvələ gedib çıxır. İlk vaxtlar Türkiyədə də çox populyar deyildi, lakin bu gün geniş yayılan ixtisaslardan biridir. Burada da eyni tendensiyanı müşahidə edirik. Qida mühəndisliyi ixtisası bəzi ali təhsil müəssisələrində mövcud olsa da, çox tanınmır. Düşünürəm ki, zamanla Azərbaycanda da bu ixtisasın geniş yayılmasına nail olacağıq. Bir neçə universitetdə bu sahə ilə əlaqəli ixtisaslar olsa da, TAU kimi laboratoriya və geniş infrastruktura malik təhsil müəssisəsi yoxdur. Mən inanıram ki, TAU bu ixtisas vasitəsilə Azərbaycandakı qida sənayesində böyük bir boşluğu dolduracaq".
"Azərbaycan öz mütəxəssislərini yetişdirəcək".
O bildirib ki, Azərbaycan qida sənayesi sahəsində Türkiyədən dəstək alır, lakin bundan sonra belə bir dəstəyə ehtiyac qalmadan öz mütəxəssisləri vasitəsilə mövcud problemləri aradan qaldıra biləcək: "Biz burada 4 il ərzində kadrlar hazırlayacağıq. Gələcək illərdə Türkiyədə magistr və doktorantura təhsili alan tələbələri də işçi kimi qəbul edəcəyik. Bu sahədə mövcud problemi yalnız Türkiyədən müəllim gətirərək həll etmək mümkün deyil, bu sadəcə müvəqqəti bir həll yoludur. Biz burada Azərbaycanın öz müəllimlərini yetişdirəcəyik. Lakin bunun 4-5 il ərzində baş verəcəyini düşünmürəm, bu uzunmüddətli bir proses olacaq".
Universitet Xətai rayonu, Xocalı prospekti 30 ünvanında yerləşir. Universitetin fəaliyyətinin təmin edilməsi üçün 10 milyon manat büdcə ayrılıb.
TAU-nun qida mühəndisliyi ixtisasının tələbəsi Tofiq Zeynalov bildirib ki, burada yaradılan şərait gözlədiyindən daha yaxşıdır: "İkinci həftə ərzində ingilis dilində böyük irəliləyiş hiss edirəm. Hazırda yalnız hazırlıq mərhələsindəyik və bu səbəbdən yalnız ingilis dili keçirik. Türkiyəli müəllimlərlə də yalnız ingiliscə danışdığımız üçün heç bir çətinlik yaşamırıq".
"Bu gün burada olmaqdan çox xoşbəxtəm. Müəllimlərimiz çox yaxşı və səmimidirlər. Bu da bizim təhsil almağımıza müsbət təsir edir. Hər birimiz dərslərə həvəslə gəlirik" , - ixtisasın digər tələbəsi Ayan Əhmədli bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncamla Türkiyə-Azərbaycan Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq və ödənişli əsaslarla da tələbə qəbul etmək hüququ verilib.
"Tələbələr olduqca istəkli və həyəcanlıdırlar".
Kompüter mühəndisliyi ixtisasında dərs deyən Metin Özdemir deyir ki, tədrisin yeni başlamasına baxmayaraq, tələbələr çox istəkli və həyəcanlıdırlar:
"Bütün müəllimlərimiz tələbələrin olduqca bacarıqlı olduğunu vurğulayır. Bizim gəldiyimiz Orta Doğu Texniki Universitetinin tələbələri Türkiyənin ən bacarıqlı tələbələri sırasındadır. TAU-nun tələbələrinin də yüksək potensiala malik olduğunu görürük. Hər iki ölkənin tələbələri bir-birinə çox bənzəyir. Burada məqsəd ilk ildə tələbələrin ingilis dilini uğurla mənimsəməsidir. Bu şəkildə tələbələr bölümlərinə keçdikdə rahatlıqla mənbələri əldə edib öyrənə biləcəklər. Tələbələrimizin məzun olduqdan sonra uğurlu kadrlar olmasını hədəfləyirik. İmtahanlarımız ODTÜ proqramı əsasında olduğu üçün, imtahanlarımız da həmin proqram çərçivəsində keçirilir. İmtahanlar yeni başlayıb, kiçik və böyük imtahanlar proqram çərçivəsində keçirilir. Bu imtahanların nəticəsində tələbələrin ümumi profili haqqında təsəvvür formalaşacaq".
Rəylər