Azərbaycan müğənnisi, SSR Əməkdar artisti Nəzakət Məmmədovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, sənətkar 1944-cü il fevralın 28-də Gəncə şəhərində anadan olub.
O, uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyiblər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlib və Xarici Dillər İnstitutuna daxil olub. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olub. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov veriblər. Onların qarşısında “Bayatı-Qacar” oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edib. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət “Lalə” qızlar ansamblında çalışıb. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub və 1971-ci ildə tamaşaçılar qarşısına yeni “Leyli”lərdən biri kimi çıxıb.
Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirib. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açıb. O, “Rast”, “Qatar”, “Şahnaz”, “Segah” və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb. Azərbaycan musiqi sənətinin incəliklərini gözəl və məlahətli səsi ilə vətənindən çox-çox uzaqlara da apara bilib. Türkiyə, İran, Əfqanıstan, Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olub.
1980-ci il oktyabrın 21-də Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyib. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi - bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.
Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilib.
Rəylər