"Özəl bağçalarda təhsil alacaq uşaqların təhsil haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək".
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Agentliyin 1 illik fəaliyyətinə dair hesabat brifinqində qeyd edib.
O bildirib ki, məqsəd özəl bağçalarla əməkdaşlıq çərçivəsində daha 1500 uşağı məktəbəqədər təhsilə cəlb etməkdir:
"Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.
Qrant vasitəsilə təhsil haqqının bir hissəsinin maliyyələşdirilməsi valideynlərin maliyyə yükünü azaldaraq daha çox uşağın keyfiyyətli təlim-tədrisə cəlb almasına şərait yaradacaq.
Bununla da, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artaraq 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının məqsədlərinə nail olunması təmin ediləcək.
Dövlət-özəl əməkdaşlığı modelinin 1500 uşağı əhatə etməsi gözlənilir. Növbəti il bu layihənin daha çox uşağı əhatə etməsi planlaşdırılır".
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif
Rəylər