Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kabusa çevrilən RİYAZİYYAT - Dərsliklər qəlizdir, yoxsa müəllimlərin dərs metodu YANLIŞDIR?
Riyaziyyat fənni şagirdlərin həmişə qorxulu yuxusu olub. Hər sinifdə, demək olar ki, sadəcə, bir-iki şagird bu fənni qavraya bilir. Valideynlərin də riyaziyyatla bağlı şikayətlərini tez-tez eşidirik. Hətta övladları beşinci sinfə keçdikdən sonra valideynlər ev tapşırıqlarını anlamadıqlarını deyirlər. Müəllimlər isə bununla bağlı müxtəlif arqumentlər gətirirlər.
Çoxluq bunun səbəbini fənn kitablarının qəlizliyində görür. Əvvəllər riyaziyyat fənnində tədris edilən cəbr və həndəsə ayrı kitablarda olurdusa, indi artıq riyaziyyatın bütün yönlərini bir kitabda cəmləşdirirlər. Valideynlər deyirlər ki, kitablarda həll yolları sadə dillə izah edilmir və ya anlaşıqsız olur. Bəzi cümlələri valideynlərin belə anlamadıqları halda 11 yaşlı uşaqların dərk etməsini gözləmək çətindir.
Bəs şagirdlərin riyaziyyatı qavramaqda çətinlik çəkməsinin səbəbi nədir?
Təhsil eksperti Elmin Nurizadə Bizim.media-ya açıqlamasında səbəbin müəllimlərin dərs metodunda olduğunu deyib:
"Təəssüf ki, indi məktəblərdə nəinki riyaziyyat, hətta humanitar elmlərin qavranılmasında da çətinliklər artıb. Buraxılış imtahanının nəticələri bunu deməyə əsas verir. İndi texnologiyanın inkişaf etdiyi dövrdür. Müəllimlər müxtəlif metodlarla uşaqlara dərsi aşılaya bilərlər. Bu metodları öyrənmək üçün internet resurslarından istifadə etmək kifayətdir. Müəllimlər bəzən deyirlər ki, çətin uşaqlar var, onları öyrətmək olmur və ya "şagird çoxdur, öyrətmək çətindir" kimi bəhanələr eşidirik. Pedaqoq uşaq sayından asılı olmadan verilən mövzunu tədris etməyi bacarmalıdır.
Həm də riyaziyyat fənni uşaqlara hər zaman "ən çətin" fənn kimi təqdim olunub. Bu da onlarda qorxu yaradır və nə etsələr də, proqramı qavraya bilməyəcəklərini düşünürlər. Bundan başqa, müşahidə etsək, görərik ki, müəllimlərin tədrisə fərdi yanaşması yoxdur. Əgər hansısa şagird mövzunu başa düşmürsə, müəllim ona vaxt ayırıb izah etmək istəmir. Halbuki, müəllim bir sinifdəki hər şagirdin biliyinə görə məsuliyyət daşıyır".
Ekspert əlavə edib ki, baza biliklərinin zəifliyi də yuxarı siniflərdə riyaziyyatı daha anlaşıqsız edə bilər:
"İbtidai siniflərdə ilkin anlayışlar daha korrekt formada uşaqlara tədris edilməlidir. Tədris metodlarına gəldikdə isə Azərbaycan məktəblərində hələ də ənənəvi üsullardan istifadə olunur. Bütün dünyada tədris metodlarını sadələşdirmək və aktivləşdirmək üçün süni intellektdən istifadə olunur. Bizdə isə lövhədə bir-iki misal-məsələnin həllini göstərməklə tədris prosesi başa çatır..."
"Orta məktəb" teqi üzrə xəbərlər
- Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
- Bakıda məktəbin uçan hasarının inşası tarixi açıqlandı
- Təhsil müəssisələrinin zəruri odun və istiliklə təchiz olunacağı vaxt AÇIQLANDI
- Nazir: "Cəmiyyətdə təəssürat formalaşmamalıdır ki, biz məktəblər barəsində xəbərsizik"
- Valideynlərin dərsdə iştirakına İCAZƏ VERİLMƏLİDİR?
Rəylər