Bir müddətdir ki, ölkə ərazisində fəaliyyət göstərən məktəblər qapalı obyektlərə çevrilib. Təhsil müəssisəsinə kənar şəxslərlə yanaşı valideynlərin də daxil olmasına icazə verilmir.
Vaxtilə valideynlər övladlarının tədris prosesi barədə məlumat almaq, dərsə hazırlığı barədə xəbərdar olmaq üçün dərsdə iştirak edir, gedişatla tanış olurdu. Lakin hazırda övladlarını məktəbin giriş qapısından dərsə yolan salan valideynlər daha sonra təhsil müəssisəsinin həyətyanı sahəsini tərk edirlər.
Maraqlıdır, bəs görəsən, valideynlərin tədris prosesi barədə məlumatlanması üçün dərsdə iştirakına icazə verilməlidir? Bunun hansı müsbət və ya mənfi təsirləri ola bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikrincə, valideynlər təhsil müəssisələrinə yaxınlaşmalı və prosesdə iştirak etməlidirlər:
"Təhsil haqqında qanunvericilik bunu inkar etmir. Valideynlərin tədris prosesində iştirakı ümumilikdə təhsil göstəricilərinə, valideyn-məktəb münasibətlərinin daha uyğun olması üçün vacibdir. Hazırda isə valideynlərin prosesə buraxılmamasının səbəbi bəzi valideyn komitələri tərəfindən rüşvət, hədiyyə və s. yığımının gündəm olmasıdır. Bu nöqteyi-nəzərdən məktəb rəhbərliyi bəzən belə qərar verir. Əgər valideyn övladının təhsili ilə maraqlanırsa, öncədən direktora müraciət etməlidir. Razılıq aldıqdan sonra dərsdə əyləşə bilər. Valideyn üçün bunda məhdudiyyət olmamalıdır. Valideyn dərsə buraxılmırsa, təhsil müəssisəsi müntəzəm qaydada valideynə övladı, tədris prosesi barədə məlumat verməlidir".
Ekspertin sözlərinə görə, valideynin dərsdə iştirak etməsi uşaqların dərsə hazırlığına müsbət təsir edir:
"Yuxarı sinif şagirdləri valideynlərinin dərsdə iştirakına qarşı çıxırlar. Lakin aşağı sinif şagirdlərində bu mümkün ola bilər. Çünki yaş və psixologiya baxımından şagirdlərin bunu qəbullanmasında problem yaşanmır. Valideynin dərsdə iştirakı uşaqda məsuliyyət yaradır, çalışır ki, dərsə yaxşı hazırlaşsın. Düşünür ki, birdən valideyn yaxınlaşar və onun hazırlıqsız olduğunu görər, uşaqlar arasında pis vəziyyətə düşər.
VI çağırış Milli Məclisin deputatı Etibar Əliyev hesab edir ki, təhsil müəssisəsi öz vəzifəsini yerinə yetirməyin mümkün və effektiv yolunu valideynlərin təhsil prosesində səriştəli iştirakında görməlidir:
"Təcrübə göstərir ki, bunsuz yüksək nəticəyə nail olmaq çətindir. Burada söhbət valideynlərin tədris prosesinə, fənn tədrisinə yönləndirilməsindən getmir, onlar təhsil prosesinin yaxın və pozitiv iştirakçısı olmaqla övladlarının təhsil prosesindəki çətinliklərinə necə kömək etmək lazım olduğunu bilirlər. Dərsdə iştirak edən valideyn müəllimlərin bacarıqlı tərəfdaşı olur. Bu, həm də müəllimdə məsuliyyət yaradır. BMT-nin statistikasına görə, Azərbaycanda savadlılıq 99% təşkil edir. İstənilən valideyn müəllimin dərsinə ümumi olaraq qiymət verə bilər. Onlar təhsil prosesində iştirak etməklə övladının dərsə davamiyyəti barədə də məlumat ala bilərlər. Bu baxımdan da prosesdə iştirakı vacib məsələdir. Dünya praktikasında inkişaf etmiş təhsil sistemləri olan ölkələrin hər gün müəllim-valideyn yazışmaları olur. Bununla valideynlər uşaqların nailiyyəti, dərsə davamiyyəti, dərsə hazırlıqları və s. barədə məlumatlanırlar. Bizdə isə bu cür yazışmalar məhduddur".
Onun sözlərinə görə, müəllim-valideynlərin əsas müzakirə məkanı məktəb kitabxanaları olmalıdır:
"Məktəb kitabxanalarında onlar müəllimlərlə görüşməlidirlər, tədrisin keyfiyyəti barəsində söhbətlər aparılmalıdır. Təəssüflər olsun ki, son dövrlər yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti həddən artıq aşağı səviyyədədir. Dərsə davamiyyətin aşağı səviyyədə olmasına valideynlərin özləri də şərait yaradırlar. Repetitorlara əlavə vəsait ödəməklə uşaqlarını dərsdən yayındırırlar. Onlar hesab edirlər ki, məktəb təhsili uşaqlarının ali məktəblərə daxil olmaları üçün yetərli deyil. Bunun özü çox qüsurlu haldır. Valideynlər məktəbdəki təhsilin keyfiyyəti ilə maraqlanmalıdırlar. Bunun üçün məktəbin ən yaxın iştirakçısına çevrilməlidirlər".
Araşdırmalar göstərir ki, valideynlərin sinif otaqlarında iştirakı barədə müxtəlif yanaşmalar var. Məsələn, ABŞ-də bəzi məktəblərdə valideynlər övladlarının sinif fəaliyyətlərini müşahidə etmək üçün müəyyən günlərdə məktəbə dəvət olunurlar. Bu fəaliyyətlər "open house" (açıq qapı) və ya "parent observation" (valideyn müşahidəsi) adlanır, bu günlərdə valideynlər sinifdə oturaraq dərsləri izləyirlər, amma dərs prosesinə müdaxilə etmirlər. Finlandiyada valideynlərin dərs prosesinə daxil olması çox nadir hallarda baş verir. Bu ölkədə tədris prosesi müstəqil olaraq həyata keçirilir və valideynlər əsasən məktəbdən kənarda, ev tapşırıqları vasitəsilə təhsilə dəstək verirlər.
Aygün Mirakif
Rəylər