Köhnə və istismara yararsız avtobusların dəyişib yerinə daha rahat, müasir tipli avtobusların xəttə buraxılması sərnişinləri sevindirən hallardan biridir. Çünki avtobusların daxili və xarici görünüşünün təmiz olması ilk növbədə sərnişinlərin rahatlığı deməkdir.
Maraqlıdır, avtobuslar və yaxud daşıyıcı şirkət yenilənəndə onun sürücüləri də dəyişir?
Mövzu ilə bağlı Bizim.media-ya "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, qurum tərəfindən yeni marşrut xətlərinin istismarı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mütəmadi olaraq keçirilən müsabiqələrdə iştirak vasitəsilə həyata keçirilir:
"BakuBus" müsabiqənin qalibi olduğu halda həmin xətt bu qurumun istismarına verilir. Qalib olduğumuz xəttin mövcud sürücüləri ilə birbaşa işçi münasibətlərində olmadığımız üçün onların iş yerləri ilə bağlı qərarlar üçün məsuliyyət daşımırıq".
Əsmər Əliyeva qeyd edib ki, avtobus dəyişdikdə sürücülərin iş yerləri ilə bağlı məsuliyyət daşıyıcı şirkətə aid olmur:
"Həmin xəttin sürücüləri şirkətdə çalışmaq istəyi ilə müraciət edərlərsə, onların müraciəti mövcud prosedurlar çərçivəsində dəyərləndirilir. Belə ki, hər bir sürücü "BakuBus" MMC-də işə qəbul olunmaq üçün təyin olunmuş bütün daxili qaydalar və tələb olunan prosedurları keçməlidir. Sürücülər müvafiq təlim və sınaq mərhələlərindən uğurla keçdikdən sonra, "BakuBus" MMC-də işə qəbul olunma imkanı əldə edirlər", - deyə qurum rəsmisi əlavə edib.
Rəylər