Son illər artıq çəkidən əziyyət çəkən insanlar xilas yolunu cərrahi müdaxilədə görürlər. Xüsusən də xanımlar zərif görünmək üçün mədəkiçiltmə əməliyyatına daha çox maraq göstərirlər.
Dünyada, o cümlədən Azərbaycanda da bu üsulla artıq çəki dərdindən qurtulanlar az deyil. Lakin bu əməliyyatların fəsadları bəzən faciəli nəticələrə gətirib çıxarır. Hətta bəziləri bu əməliyyatı keçirən insanların sonradan xərçəng xəstəliyinə düçar olduğunu deyirlər.
Bəs görəsən, mədəkiçiltmə (bariatrik) əməliyyat hansı xəstəliklərə yol aça bilər? Əməliyyatın nə kimi riskləri var?
Mövzu ilə bağlı Oxu.Az laparoskopik-bariatrik cərrah Taryel Ömərov ilə danışıb. Müsahibəni təqdim edirik:
- Taryel bəy, mədəkiçiltmə (bariatrik) əməliyyatı nə zamandan tətbiq edilməyə başlanılıb?
- Mədəkiçiltmə adı altında birləşən bariatrik-metabolik cərrahiyyə 1954-cü ildən dünyada tətbiq edilir. 1976-79-cu illərdə isə bariatrik-metabolik cərrahi metodika ilə bağlı olaraq Nobel mükafatı verilib.
Dünyanın məşhur professorları 1964-cü ildən sonra yeni əməliyyat metodikasını formalaşdırıblar. Mədəkiçiltmə əməliyyatı artıq 2000-ci illərdə bütün dünya protokollarında açıq şəkildə qəbul olunub və tətbiqinə başlanılıb. Ortalama 24-25 illik geniş tarixə malik bir əməliyyat növüdür. Mədəkiçiltmə əməliyyatları böyük effektiv əməliyyatlardır.
- Mədəkiçiltmə əməliyyatları kimlərə tətbiq olunmalıdır?
- Bariatrik əməliyyat pasiyentin təkcə piylənməsini aradan qaldırmır. Bu əməliyyat o pasiyentin piylənməsini aradan qaldırır ki, adam artıq idman və diyetadan, yəni qeyri-cərrahi prosedurlardan effekt ala bilmir, sağlam çəkiyə çata bilmir. Bununla yanaşı xəstəliklərdən də qurtula bilmir. Həmin pasiyentlər üçün mədəkiçiltmə əməliyyatları son çarədir.
Əməliyyat mütləq beynəlxalq protokola uyğun şəkildə həyata keçirilməlidir. Əks halda bu özü fəsad və problemdir.
Boyu 165 sm, çəkisi 80 kq olan pasiyentin idman və diyeta ilə arıqlaması mümkün olduğu halda bariatrik cərrahiyyəyə üz tutması düzgün deyil. Sosial diaqnoz və istək deyə bir məqam olmamalıdır. Bu təkcə xarici görünüşlə bağlı məqam deyil. Piylənmə bir çox orqanlarda xəstəliklərə səbəb ola bilər. Piylənmədən ürək-damar sistemi xəstəlikləri, qaraciyərdə problemlər, şəkərli diabet yarana bilər. Ümumiyyətlə, piylənmə insan ömrünün qısalmasına gətirib çıxarır.
- Hansı hallarda fəsadlar yarana bilər?
- Biz mütləq şəkildə diqqət etməliyik ki, kimdə əməliyyat aparırıq. Bu, əsasdır. O adam əməliyyat edilməlidir ki, piylənmədən əziyyət çəksin, 120-130-140-150-160 çəkisi olsun, normadan iki dəfə artıq çəki ilə gəzsin. Bu cür şəxs əməliyyat olunmalıdır.
Ümumiyyətlə, pasiyentləri əməliyyata ciddi hazırlamaq lazımdır. Əməliyyatın spesifik fəsadları da ola bilir. Bu əməliyyatdan sonrakı yaxın 12-15 gün ərzində stepler xəttinin açılması, qanama və burulma baş verə bilər. Mütləq şəkildə əməliyyat zamanı cərrahın bilik və bacarıqlarının geniş olması, pasiyentin düzgün seçimi əsas rol oynayır. Alətlərə də diqqət edilməlidir.
- Mədəkiçiltmə əməliyyatından sonra nələrə diqqət etmək lazımdır?
- Əməliyyatdan sonra pasiyent cərrahi briqada komandası tərəfindən idarə olunmalıdır. İstər qidalanması, istərsə də həyat vərdişləri. Mədəkiçiltmə əməliyyatları hormonal effekt yaradıb, pasiyentdə ciddi arıqlamaya səbəb ola, iştahayaradan hormonları sıfırlaya bilər.
Ona görə də sonrakı dörd-beş həftə xüsusi qidalanma proqramı vasitəsilə pasiyenti normal qidalanma səviyyəsinə çatdırırıq. Burada diqqət edilməli məqam rasionda karbohidratın olmamasıdır. Qida kiçik tikələrlə udulmalıdır. Rasiona mütləq şəkildə riayət etmək lazımdır.
- Bariatrik əməliyyatın insan ömrünü uzatdığını dediniz.
- Piylənmədən qurtulan, mədəkiçiltmə əməliyyatı olunan insanın ömrü 6-15 il uzanır. Bunu idman və diyeta ilə əldə etmək olmur.
Ölkədə artıq 8 500 bariatrik əməliyyat olunmuş pasiyent var. İki ay bundan öncə onların sayı 8 400 idi. Bəlkə də, çoxdur. Dünyada ildə bir milyona yaxın əməliyyat aparılır ki, onun da 484-485 mini mədəkiçiltmə əməliyyatıdır. Dünyanın qəbul edib protokollarla tətbiq etdiyi bu əməliyyat növü 2017-ci ildən ölkəmizin Səhiyyə Nazirliyinin protokolunda var. 2018-ci ildən biz Azərbaycan Tibb Universitetində bariatrik cərrahiyə fənninin tədrisi ilə məşğuluq. Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyası 2014-cü ildə Beynəlxalq Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Federasiyasının üzvüdür.
Nəzrin Vahid
Rəylər