Sosial şəbəkələrdən birində valideyn müəllimin gizlin edilən əməlindən gileylənib. Valideyn qeyd edib ki, müəllim onun övladından xəbərsiz çantasını yoxlayaraq telefonunu götürüb və ilin sonunda qaytaracağını deyib.
Bəs maraqlıdır, müəllimin şagirddən xəbərsiz onun çantasını yoxlamağa ixtiyarı varmı? Bu məsələ nizamnamədə necə tənzimlənir?
Sözügedən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat Xidmətindən bildirilib ki, ümumi təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilir:
"Keçirilən monitorinqlər çərçivəsində məktəblilərin "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"na əməl etməsi vəziyyəti müşahidə olunur, məktəbə gətirilməsi qadağan olunan əşya və ləvazimatlar haqqında maarifləndirmə işi aparılır.
Şagirdlərin çantalarında tədris prosesinə uyğun olmayan əşyalar aşkarlanarsa, həmin əşyalar məktəb rəhbərliyi tərəfindən götürülür. Şagirdlərin valideynləri məktəbə dəvət olunur, məktəb rəhbərinin iştirakı ilə valideynlə görüş keçirilir. Görüşdə tədris prosesinə uyğun olmayan, şagirdlərin həyat və sağlamlığı üçün təhlükəli və zərərli əşyaların məktəbə gətirilməsinin qadağan olması bir daha diqqətə çatdırılır və əşyalar valideynlərə təhvil verilir".
Məhərrəm Əliyev
Rəylər