Son günlər havanın qeyri-sabit keçməsi Qəbələnin bəzi kəndlərində fəsadlar yaradıb.
Durucaçayının daşması nəticəsində Uludaş kəndinin sakinləri təhlükə ilə üz-üzə qalıblar, 80-ə yaxın şəxsi təsərrüfata ziyan dəyib.
"Neçə gündür ki, suda batırıq, selin içində qalmışıq. Təsərrüfat məhv olub gedib, həyətdə inək, toyuq-cücə, heç nə qalmayıb. Dərdimizi kimə deyək bilmirik, qapısını döymədiyimiz qurum qalmayıb", - kənd sakini narazılığını bildirib.
Məsələ ilə bağlı Uludaş kənd inzibati ərazi dairəsindən bildirilib ki, problemin aradan qaldırılması üçün əraziyə texnikalar cəlb olunub, qısa müddətdə suyun qarşısı alınacaq.
Ətraflı Baku TV-nin süjetində:
Qəbələnin su altında qalan kəndləri: Vəziyyət necədir?
Bir neçə gündür aramsız yağan güclü yağışlar nəticəsində çaylardan keçən sel Qəbələ rayonunun bəzi kəndlərində problemlər yaradıb.
Oxu.Az xəbər verir ki, rayon ərazisindən keçən Dəmiraparan, Tikanlı və Duruca çaylarının daşması nəticəsində Uludaş, Abrıx və Tikanlı kəndlərində həyat iflic vəziyyətinə düşüb. Həyətləri, evləri və təsərrüfatları su basıb, mal-qara, toyuq-cücə məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Bu gün həmin kəndlərdə vəziyyətin necə olduğu ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumun İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri Nazir Cabbarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda fərdi yaşayış evlərinə hər hansı bir təhlükə yoxdur.
"Qəbələ rayonunda iyulun 24-də gecə saatlarından etibarən yağan intensiv leysan nəticəsində rayon ərazisindəki Dəmiraparan və Tikanlı çaylarında suyun səviyyəsinin qalxması səbəbindən Uludaş, Abrıx və Tikanlı kəndlərində sellə gələn çınqıl və qum kənddaxili yolları yararsız hala salıb.
Fəsadların aradan qaldırılması üzrə aidiyyəti qurumlar tərəfindən müvafiq işlər aparılır, texnikalar vasitəsilə suyun istiqaməti dəyişdirilib. Hazırda vətəndaşların həyətlərinə və fərdi yaşayış evlərinə hər hansı bir təhlükə yoxdur.
Dandıx və Abrıx kəndlərində bəzi təsərrüfatlarda yığılan sular çəkilib. Abrıx-Tikanlı yolu da bərpa olunub, gediş-gəliş var. Tikanlı çayında da işlər aparılır", - deyə açıqlamada qeyd olunur.
Video və fotoları təqdim edirik:
Əzizə İsmayılova
Rəylər