Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıtda zavodda kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.
Bu barədə AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.
"Agentliyin müfəttişləri tərəfindən yeməkxanada olan müxtəlif qida məhsullarından nümunələr götürülüb, müvafiq analizlərin aparılması məqsədilə laborator müayinələrə cəlb edilib. Hazırda araşdırmalar gedir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - qeyd edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Sumqayıtda zavodda kütləvi zəhərlənmə faktı ilə bağlı açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına 10.07.2024-cü il tarixində saat 17:10-dan başlayaraq 53 nəfər (48-i kişi cinsli, beşi qadın cinsli olmaqla) müraciət edib:
"Qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, hamısı ambulator müalicə üçün evə buraxılıb".
Nəzrin Vahid
Sumqayıtda zavodda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi müəyyən edilib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Rəylər