"Müharibə mənim üçün artilleriyanın səsi ilə başladı. Öz ixtisasımla əlaqədar nə qədər ağır xəstələr görsəm də, kütləvi yaralı görməmişdim mülki həyatda. Bir qəlpə insanın beyninin yarısını aparsın, bağırsaqlarının yarısı çölə tökülsün, bir ayağı qoparıb aparsın - belə şeyləri mülki həyatda görməmişdim. Ona görə həm də bu gözlənilməzliklərlə başladı müharibə. Ağdamda bir üstün cəhətimiz o idi ki, bizim istiqamətdə hücum yox idi. Artıq ilk saatdan anladıq ki, komandanlığın taktikası bu şəkildədir. Bizim tərəfdə, əsasən, artilleriya savaşı gedirdi və gözləntimiz də daha çox qəlpə yaraları idi".
Bunu Oxu.Az-a videomüsahibəsində Vətən müharibəsində tibb xidməti kapitanı, tabor tibb məntəqəsinin rəisi olan Rəşad Sultan deyib.
Tibb xidməti kapitanı: "İlk yaralı və şəhidə eyni anda şahid oldum"
Videomüsahibədən bəzi hissələri təqdim edirik:
- Rəşad həkim, ilk yaralıların gəlməsi, müharibə şəraitində ilk addımınız sizdə necə bir təəssürat yaratdı? Müharibə deyəndə ilk olaraq gözünüzün qarşısına nə gəlir?
- Mənim vəzifəm oturub yaralı gözləmək deyildi. Yaralı olanda mənə rabitə vasitələrilə məlumat gəlirdi və məndə olan tabor tibb məntəqəsinin avtomobili ilə gedib döyüş meydanında, səngərdə və yaxud müdafiədə olan, qəlpə yarası almış əsgərlərə yerində ilk yardım edir, daha sonra isə onları maşına mindirib briqada tibb məntəqəsinin həkimlərinə təhvil verirdim.
Qeyd edim ki, bu təhvilvermə prosesi çox yaxşı, çox dinamik təşkil olunmuşdu. Biz, adətən, belə öyrənmişdik ki, döyüş meydanından tabor tibb məntəqəsi yaralını götürüb briqada tibb məntəqəsinə çatdırır, amma burada heç çatdırmağa ehtiyac olmurdu. Bu müharibədə artıq briqada tibb məntəqəsi özü maşınını bizim arxamızca göndərirdi və biz döyüş meydanından çıxardığımız yaralıları elə yolda onlara təhvil verirdik. Onlar da öz növbələrində hospitala çatdırmaq məcburiyyətində qalmırdılar, hospital da gəlib elə yoldaca yaralıları onlardan təhvil alırdı. Hospitallara məxsus maşınlar isə həm daha sürətli idi, həm də içində operativ briqada olurdu. Dinamiklik və operativlik bu şəkildə həyata keçirilirdi və neçə-neçə insan həyatı məhz bu operativlik nəticəsində xilas edildi.
- Yaddaşınızda yer alan elə bir situasiya varmı ki, məsələn, müharibə deyəndə sizi sizdən alan ilk o epizod olur?
- İlk yaralı və şəhidə eyni anda şahid oldum. Bizim bölmələrdən birinin həndəvərinə mərmi düşərkən iki əsgərimiz sığınacaqdan kənarda olduğu üçün onları qəlpə yaralamışdı. Biri yerindəcə şəhid olmuşdu, o biri isə çox ağır yaralı idi.
İlk yaralı arxasınca gedəndə çox təsirlənmişdim. Deməli, ikigözlü, iç-içə bir qazmaya ("blindaj" da deyirlər) girəndə gördüm ki, orada çox gənc, hətta mən ona uşaq deyirdim həmişə, bir əsgər uzanıb. Onu görəndə çox təəssüfləndim, çünki baxanda bilinirdi ki, artıq keçinib. Orada mənə dedilər ki, həmin əsgər şəhid olub, yaralı içəridədir. Keçdim içəri, yaralıya yardım etdim. Yaralı da çox ağır idi. Həm başının arxasından qəlpə dəymişdi, həm topuğundan qan axırdı. İlk yardım edəndən sonra yaralını maşına qoyduq, bayaq dediyim kimi, briqada tibb məntəqəsinin maşını da gəldi çatdı və ərazidən təxliyə etdik. Həmin vaxt o qazmaya girərkən gördüyüm mənzərə ilə oradakı qoxu məndə ümumi bir aura yaratmışdı. Əvvəlcə qeyd edim ki, qazma çox dar bir yerdir. Təsəvvür edin kiçik bir yerə 15 əsgər birdən girir. Bir tərəfdən, torpaq qoxusu, havasızlıq, digər tərəfdən də sağa-sola bomba düşür. Bilmirsən, o bomba gəlib üstünəmi düşəcək, yanamı düşəcək...
Həmin o qazmadakı əsgərin bir qəlpə yarasından həyatını itirməsi mənə çox ciddi təsir etmişdi. Düzdür, ondan sonra dəfələrlə daha ağır yaralılar gördüm, şəhidlərimizi döyüş meydanından çıxardığımız çox oldu, amma bəlkə, ilk dəfə olduğuna görə, bəlkə də, o əsgər çox gənc olduğuna görə mənə çox təsir etmişdi.
- Elə insanlar oldumu ki, siz onları həyata qaytarmaq üçün əlinizdən gələn heç bir şey olmadığını gördünüz və həmin an nə qərar verdiniz?
- Bu müharibədə bir həkim üçün yaxşı tərəf o oldu ki, bizim döyüş meydanından çıxardığımız yaralılardan nə əlimizdə, yəni onları təxliyə edərkən, nə də sonradan şəhid olan olmadı. Hamısı vəziyyətdən çıxarıldı. Burada bir az da yəqin ki, tibb xidmətinin - tibbi təxliyədən tutmuş tibbi yardıma kimi, həm hərbidə, həm də sonrakı müalicələrin yaxşı təşkil olunması əsas rol oynadı. Əlbəttə ki, elə anlar vardı ki, biz gedəndə artıq döyüş meydanında şəhid olanlar vardı, amma çox ağır idi, biz çıxartdıq, yolda, yaxud sonradan şəhid oldu deyə bir hal yaşanmadı, nə yaxşı ki.
"Nə yaxşı ki" ona görə deyirəm ki, ilk növbədə, bu bir insan həyatıdır, ikincisi də hesab edirəm ki, mən onu yaşasaydım, gözümün qabağında, əllərimdə bir əsgər şəhid olmuş olsaydı, daha ağır travma olardı mənim üçün. Çünki o anda insan çox çarəsiz hiss edir özünü...
- İşğaldan azad olunan ərazilərimizlə bağlı Ali Baş Komandanın elanları olurdu və təbii ki, bütün əhali o elanları gözləyirdi. Maraqlıdır, yaralı dalınca gedən həkim kimi, siz nə vaxt alırdınız bu xəbərləri və bu, sizə nə verirdi?
- Sosial media bağlı olsa da, internet işləyirdi. Ona görə xəbər saytlarına girib məlumatları elə həmin saytlardan oxuyurduq. Bir də SMS xidməti açıq idi. Dostlarım SMS vasitəsilə xəbər verirdilər. Mən anladım ki, müharibədə olan əsgər, hərbçi üçün müsbət informasiya, optimist informasiya və psixoloji dəstək nə qədər önəmlidir. İnanmaq nə qədər önəmlidir.
- Şuşanın alınması xəbərini necə aldınız?
- Şuşanın alınmasının biz Ağdamda xidmət edənlər üçün başqa bir mənası var idi. Şuşanı biz hansı istiqamətdə aldıq? - Cəbrayıl və Hadrutdan düşmənin arxasına keçərək. Taktika hər nə qədər özünü doğrultsa da, sıra Ağdamda idi. Artıq hərəkətlənmə də başlamışdı. Biz hər gün hücum təlimlərinə gedirdik. Bu, sadəcə, atəş təlimi deyildi. Düşmən səngərinə necə girilir, necə qruplara ayrılaraq səngər azad edilir - bunlardan tutmuş, imitasiyalar, bizim kəşfiyyat qrupları tərəfindən diversiyalar edilməyə başlamışdı. Bilirdik ki, hər an Ağdam istiqamətində hücum ola bilər və bizə hücum əmri verilə bilər. Buna görə son gecələr botinkanı ayağımızdan, dərmanları cibimizdən çıxarmırdıq.
Ayın 9-dan 10-na keçən gecə, saat haradasa dördün yarısı olardı, gördüm, əsgərləri patrul oyadır ki, deyəsən, müharibə qurtarıb. Biz təhlükəsizliyə görə qazmada qalırdıq, orada da telefon tutmurdu, qazmadan çıxan kimi gördüm, SMS-lər gəlməyə başladı və biz müharibənin bitdiyi xəbərini bu şəkildə aldıq.
Əzizə İsmayılova
Video: Cavid Mehdiyev
Rəylər