"Laçın rayonu Qorçu kəndində inşa olunan və saatda 200 sərnişinə xidmət edəcək beynəlxalq hava limanının tikintisi bitmək üzrədir".
"Report" xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, bu, hava limanı bölgələrə gediş-gəlişi asanlaşdıracaq: "Yeni hava limanı, həmçinin turizm potensialından geniş istifadə olunmasına imkan verəcək.
Azad olunmuş ərazilərin bərpası bu torpaqlara həyatın qaytarılmasının rəmzidir və Prezidentin tapşırığı əsasında biz də öz növbəmizdə quruculuq işlərini layiqincə davam etdirəcəyik".
Xatırladaq ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir.
Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir.
Rəylər