Ölkə ərazisində müşahidə olunan yağışın səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, ETSN-in Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində davam edən yağıntılı hava şəraiti günün ikinci yarısından etibarən Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.
"Sinoptiklərin 22 oktyabr saat 9:00-a olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 86 mm (aylıq normanın 306%-i) təşkil edib.
İntensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir və birgə tədbirlər həyata keçirir.
FHN-in qüvvələri hadisə ilə əlaqədar dərhal ərazilərə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edirlər", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti subasma ilə bağlı şəhər ərazisində, xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyən edilməsi istiqamətində araşdırmalar aparıb:
"Şəhərdəki körpü, tunel və keçidlərdəki su nasoslarının gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Hazırda prospekt və küçələrdə yağış suları yığan şəbəkə və su kollektorlarının inventarizasiyası işləri aparılır, çatışmazlıqların müəyyən edilməsi, gələcəkdə bu kimi halların baş verməməsi və belə halların operativ şəkildə aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirilir".
Həmçinin, məlumatda vurğulanıb ki, Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları yağış və kanalizasiya kollektorlarının təmizlənməsi, yığılan suların ərazilərdən çəkilməsi, yağışın səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində sistematik və operativ tədbirlər həyata keçirir.
Rəylər