Ölkənin böyük işəgötürən şirkətlərindən biri olan "Araz" supermarketlər şəbəkəsi əhalinin məşğulluğunun təmin olunması, xüsusilə qadınlar üçün iş imkanlarının yaradılmasına ciddi töhfə verir. Bu istiqamətdə şirkət tərəfindən mütəmadi olaraq müxtəlif layihələr həyata keçirilir. "Araz"da qadın əməkdaşların bilik və bacarıqlarının artırılması, onların peşəkarlıq göstəricilərinin yüksəldilməsi və motivasiyası istiqamətində həyata keçirilən növbəti layihə "Qadının gücü" layihəsidir.
Layihə çərçivəsində karyera yüksəlişinə nail olan, yüksək vəzifələrdə çalışan peşəkar qadın rəhbərlərlə şirkətdə işə yeni başlayan gənc xanım əməkdaşların görüşü təşkil edilib. Master-klas formatında təşkil edilən görüşün məqsədi karyera yolunda addımlarını yeni atan xanımlara motivasiya vermək, onlarda liderlik bacarıqlarını formalaşdırmaqdır.
İlk master-klas "Araz" supermarketlər şəbəkəsinin maliyyə direktoru Əminə Bəşirova ilə təşkil edilib. Görüşdə "Araz" mağazalarında yeni işə başlayan və perspektivli qadın əməkdaşlar da iştirak ediblər. Maliyyə direktoru onlarla uğura gedən yol haqqında fikirlərini, karyera təcrübəsini bölüşüb və tövsiyələrini verib.
Qeyd edək ki, 2024-cü ilin başlanğıcından indiyədək üç minə yaxın qadın "Araz" supermarketlər şəbəkəsində işlə təmin olunub. Hazırda "Araz" əməkdaşlarının 50%-ni qadınlar təşkil edir. Onların orta yaş həddi 36-dır. Mütəxəssis heyətində 200-ə yaxın, rəhbər vəzifələrdə isə 200-dən çox qadın təmsil olunur. Bu ilin əvvəlindən indiyədək 3 min qadın "Araz"ın təşkil etdiyi təlimlərə qatılıb.
Şirkət tərəfindən qadınların işlə təminatı sahəsində həyata keçirilən tədbir və təşəbbüslər müvafiq dövlət qurumları tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşı olan "Araz" "Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş" nominasiyası üzrə əsas mükafata layiq görülüb.
Rəylər