ABŞ Türkiyədən və İranla əlaqələri olan digər regional müttəfiqlərdən Tehranı Yaxın Şərqdə gərginliyi azaltmağa inandırmağı xahiş edib.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-nin Ankaradakı səfiri Ceff Fleyk jurnalistlərə açıqlamasında bildirib.
"Biz İranla hər hansı əlaqəsi olan bütün müttəfiqlərimizdən, o cümlədən Türkiyədən, onları (İran hakimiyyətini) gərginliyi azaltmağa inandırmağı xahiş edirik", - deyə Fleyk bildirib.
O, həmçinin qeyd edib ki, türkiyəli diplomatlar gərginliyin artmasının qarşısını almaq üçün əllərindən gələni edirlər və əlavə edib ki, onlar gərginliyin artmayacağına bizdən daha əmin görünürlər.
Fleykin fikrincə, ABŞ və Türkiyə arasındakı münasibətlər son zamanlar olduğundan daha yaxşı vəziyyətdədir.
Fleyk avqust ayının əvvəlində Ankarada baş verən və "soyuq müharibə"dən bəri ABŞ ilə Rusiya arasında ən böyük məhbus mübadiləsində Türkiyənin oynadığı faydalı rola da diqqət çəkib.
"Onlar danışıqlar tərəfində deyildilər, lakin logistika tərəfində mühüm rol oynadılar", - deyə o vurğulayıb.
Rəylər