Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Almaniyada qanuni yaşamaq hüququ olmayan Türkiyə vətəndaşlarının ölkəyə geri göndəriləcəyi xəbərinin doğru olmadığını bildirib.
Oxu.Az-ın "Milliyet"ə istinadən xəbərinə görə, Keçeli bu barədə öz "X" hesabında paylaşım edib.
"Almaniya mətbuatında Almaniyada qanuni yaşamaq hüququ olmayan vətəndaşlarımızın Türkiyəyə qayıdacağı ilə bağlı xəbərlər doğru deyil. Vətəndaşlarımızın kütləvi surətdə deportasiyası ilə bağlı heç bir müraciət təsdiqlənməyib", - deyə o, bildirib.
Keçeli həmçinin qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında sentyabrın 23-də Nyu-Yorkda keçirilən görüşdə bu məsələ gündəmə gəlməyib.
Almaniya kansleri Olaf Şolts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türklərin Almaniyadan deportasiyası ilə bağlı saziş imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti məlumat yayıb.
Məlumata görə, sığınacaq verilməsindən imtina edilən 200 Türkiyə vətəndaşı tezliklə Almaniyadan ölkələrinə geri göndəriləcək. Eyni zamanda, Ankara həftədə 500-ə qədər vətəndaşını qəbul etməyə hazır olduğunu açıqlayıb. Qeyd olunur ki, ümumilikdə Almaniyadakı 13500-dən çox türkün ölkəni tərk etməsi tələb olunur.
Nəşrin məlumatına görə, sazişin imzalanması müqabilində Türkiyə viza rejiminin sadələşdirilməsinə ümid edir. Berlinlə Ankara arasında saziş imzalanması ilə bağlı danışıqlar bir neçə ay davam edib. Almaniyadan deportasiyaların başlanması ilə bağlı diplomatik əlaqələr 2023-cü ilin noyabr ayından bu yana dayanmayıb.
Bildirilir ki, ötən il Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşlarının sayı 2022-ci illə müqayisədə 150% artıb. Türkiyə hazırda Almaniyadan sığınacaq istəyən vətəndaşlarının sayına görə Əfqanıstandan sonra üçüncü yerdədir.
Rəylər