Çexiyada ibtidai məktəb şagirdi sinif yoldaşlarına bıçaqla hücum edib.
Oxu.Az bu barədə "Seznam Zpravy" nəşrinə istinadən xəbər verir ki, hadisə zamanı iki uşaq yaralanıb.
Məlumata görə, hadisə sentyabrın 3-də Domajlis şəhərindəki məktəbin ikinci sinfində baş verib. Daha sonra polis iki yaralının və hücum edənin ikinci sinifdə oxuduğunu təsdiqləyib, lakin şübhəlinin ukraynalı olduğu barədə məlumatı təkzib edib. Hazırda hüquq-mühafizə orqanları məktəbə bıçaqla gələn qızın motivlərini araşdırır. O saxlanılıb.
İlkin məlumata görə, məktəbli həmyaşıdlarının təzyiqinə məruz qalıb və dərslərdən yayınıb, lakin müəllimlər bu problemi həll etməyiblər. Polis hücumla bağlı hələ cinayət işinin açılmadığını bildirib və saxlanılanın yaşını açıqlamaqdan imtina edib.
Məlum olub ki, şagirdlərin aldığı xəsarətlər kritik deyil, bir müddət sonra onlar evə müalicəyə buraxılıblar. Həmçinin şok vəziyyətində olan uşağa tibbi yardım göstərilib. Müəllimlər və təxminən 20 şagirdlə böhran vəziyyətləri üzrə mütəxəssislər işləyiblər.
Hazırda məktəbdə hələ də istintaq işləri aparılır, binanın qarşısında bir neçə patrul növbə çəkir.
Rəylər