Çinin Hunan əyalətində bu gün səhər qorxunc hadisə ilə başlayıb. Belə ki, yolsuzluq maşını gözlənilmədən ibtidai məktəbinin girişi qarşısındakı səkiyə çıxaraq dərslərin başlamasını gözləyən uşaqları vurub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verir.
Bildirilir ki, dəhşətli qəza nəticəsində ibtidai sinif şagirdləri müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralı məktəblilər təcili olaraq xəstəxanaya çatdırılıblar, onlara lazımi tibbi yardım göstərilir.
İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb. Lakin xəsarət alan uşaqların dəqiq sayı hələ açıqlanmır.
Baş verənlərdən qəzəblənən valideynlər məktəbin mühafizəçiləri ilə birlikdə sürücünü tutaraq polisə təhvil veriblər. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.
Qeyd edək ki, bu son həftə ərzində Çində baş verən ikinci oxşar hadisədir. Bir neçə gün əvvəl Cuxay şəhərinin idman mərkəzində avtomobil insanların üzərinə sürülüb. Nəticədə 35 nəfər həyatını itirib, 43 nəfər yaralanıb. Həmin qəzanın səbəbinin 62 yaşlı sürücünün keçmiş həyat yoldaşı ilə boşanmadan sonra əmlak bölgüsü zamanı yaranmış münaqişəsi ola biləcəyi güman edilir.
Rəylər