Erməni lobbisinin əsas ruporları sırasında olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo yenə öz ampluasındadır. Aldığı "tulapayı" bitən kimi o, növbəti dəfə absurd və gülüş doğuran ittihamlarla çıxışlarına davam edir. Ermənilərdən aldığı pullar "hüquqşünas"ı elə vəziyyətə salıb ki, artıq gözü ayağının altını da görmür.
Özünü Qarabağdan könüllü çıxan erməni sakinlərin müdafiəçisi kimi qələmə verən bu şəxs növbəti dəfə Ermənistan və keçmiş separatçı rejimin bir sıra nümayəndələri ilə görüşüb. Okampo onları mübarizəyə səsləyib və geridönüş üçün addımlar atmağa çağırıb. Ardınca da BMT-nin xalqların hüquqlarının qorunmasını nəzərdə tutan Konvensiyasını yada salıb. Lakin görüşdə iştirak edən ermənilər ona xatırladıblar ki, bir çox ölkələr qondarma erməni soyqırımının tanınması ilə bağlı qərar qəbul etsələr də, bunun praktiki nəticəsi olmayıb. Okampo da bu fikirlərin qarşısında aciz qalıb.
Rüşvətxor və korrupsioner keçmiş prokuror görüş zamanı Azərbaycanı növbəti dəfə ittiham da edib. Həyasızcasına iddia edib ki, məhz erməni sakinlər Qarabağda torpaq sahibləridir. Hər şey də onların mübarizəyə necə hazırlaşmalarından asılı olacaq. Bu səbəbdən də onları mübarizəyə səsləyib.
Okamponun ortaya düşmə səbəbi bəllidir - ermənilərin başını tovlayıb əvvəlki qaydada onlardan sədəqə toplamaq. Problem ondadır ki, hələ də Okampo kimilərinə ümid edən ermənilər var. Düşünürlər ki, kimlərsə Qarabağı onlara qaytaracaq, qondarma soyqırımları ilə bağlı təzminat ödəyəcək.
Maraqlı olan həm də budur ki, Okampo bu dəfə nədənsə Bakıda cəzalarını çəkən terrorçu separatçılarla bağlı məsələyə toxunmayıb. Halbuki, bundan əvvəl onların azad olunması təşəbbüsü ilə çıxış etmişdi. Hətta onların COP29-a qədər azad olunmasının zəruriliyini dilə gətirmişdi. Görünür, bu təşəbbüsünün əhəmiyyətsiz olduğunu başa düşüb. Bu səbəbdən də onların adlarını çəkməyib.
Eks-prokuror bundan əvvəl dünya ermənilərinə ünvanladığı açıq məktubunda kütləvi informasiya vasitələrini Azərbaycanda cəza çəkən separatçı erməni terrorçuları azad etmək üçün kampaniyaya çağırsa da, bu təşəbbüsü uğursuz olub. Şübhəsiz ki, bu iftira və məktub, daha əvvəl isə Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dialoqa başlanılması qərəz və ikili standartların bariz nümunəsi sayıla bilər. Okampo bir neçə dəfə Bakıda həbsdə olan separatçı liderlərin azadlığa buraxılması təşəbbüsü ilə çıxış edib. Lakin səyləri nəticəsiz qalıb - nə Ermənistan rəhbərliyi, nə də beynəlxalq güclər bu təşəbbüsə reaksiya veriblər.
Xatırladaq ki, hüquqi təhsilli dələduz bu yaxınlarda korrupsiya və zorla pul tələbetmə ittihamı ilə üzləşib. Bədnam keçmişi olan Luis Moreno Okampo korrupsiya, hətta cinsi təqibdə də ittiham olunub. İndi onun erməni kampaniyasının önündə getməsi də təsadüfi deyil.
Vaxtilə Qarabağ separatçılarının lideri Arayik Arutyunyan da məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks-prokuror da tapşırığı yerinə yetirib və Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda "humanitar fəlakət" yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu. O, bir neçə il öncə ofşor maliyyə fəaliyyəti ilə bağlı suala cavabında bildirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsindəki maaşı onun üçün kifayət etmir.
Yeri gəlmişkən, bu dələduz işğaldan azad edilən Qarabağda "etnik təmizləmə"lərə yol verildiyini də iddia edib. Okamponun adı MDB məkanında qalmaqallı məhkəmələrdə də hallanıb. Məsələn, o, "Centros Commerciales Antei" şirkəti vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunan Vladislav Rezniki müdafiə edib.
Bir faktı da qeyd etmək yerinə düşər ki, lobbi ilə Ermənistan hökuməti arasında siyahıda əks olunan şəxslərlə bağlı ortaq mövqe yoxdur. Lobbi hər vəchlə Azərbaycanla sülh müqaviləsinə qarşı çıxır, revanşist qüvvələri dəstəkləyir. Ermənistanla Azərbaycan arasında son razılaşmalara qarşı çıxan lobbinin indiyə qədər əldə olunan razılaşmalara reaksiya bildirməməsi də bundan xəbər verir.
Rəsmi İrəvan isə qeyd olunan şəxslərlə bağlı heç bir mövqe ortaya qoymayıb. Görünən odur ki, azərbaycanofobiya, türkofobiya erməni lobbisinin qurtula bilmədiyi xəstəlikdir. İki ölkə arasında münasibətlərin gərginləşməsi, Azərbaycan torpaqlarının işğalında da diasporun rolu bəllidir. Birinci və İkinci Qarabağ müharibələri zamanı bölgəyə muzdlu terrorçuların göndərilməsi, maliyyə toplanması, xeyriyyə kampaniyaları altında marafonlar keçirilməsinin də ilhamvericisi məhz onlar olublar.
Bu kampaniyalar ona milyardlarla dollar gəlir gətirib. İndi isə Azərbaycan və Ermənistanın vasitəçilərin iştirakı olmadan sülhə doğru getmələri erməni lobbisinin planlarını pozub. Şübhəsiz ki, Azərbaycanda həbs edilən, məhkəmə qərarlarını gözləyən terrorçuların azad olunmasına çağırış ölkəmizə qarşı növbəti təzyiq vasitəsidir.
Görünən odur ki, Okamponun timsalında erməni lobbisindən maliyyələşən dairələr Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Lakin hər dəfə olduğu kimi, bu dəfə də səyləri əbəs olacaq. Xocalı qatili Vaqif Xaçatryanla bağlı qaldırılan hay-küy kampaniyası kimi, bu "təzyiq" də nəticəsiz qalacaq. Çünki hədə və haqsız tələblərə baxmayaraq, kütləvi qırğın və terror törətməkdə ittiham olunan şəxslərlə bağlı ədalətli məhkəmə prosesi keçiriləcək və günahkarlar layiqli cəzalarını alacaqlar.
Beynəlxalq anti-Azərbaycan şəbəkə ölkəmizə qarşı növbəti hücuma start versə də, əminliklə deyə bilərik ki, kampaniyanı başladanların əvvəlki cəhdləri kimi, bu səyləri də uğursuz olacaq.
"Report" İnformasiya Agentliyi