Bu yaxınlarda Ermənistanın Sünik (Zəngəzur - red.) vilayətində yerləşən hərbi hissələrdən birində döyüş növbəsində olan "Yerkrapa" terror qruplaşması üzvlərinin zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə yerli "Hraparak" nəşri məlumat yayıb.
Bildirilir ki, ümumilikdə sözügedən hərbi hissədə zəhərlənmə hadisəsi iki dəfə olub.
"Bizə bildirilib ki, ilk zəhərlənmə zamanı "Yerkrapa" üzvlərindən ikisi ağır zəhərlənmə səbəbindən komaya düşüb. İkinci zəhərlənmə hadisəsində bu qədər ciddi hal qeydə alınmayıb. Bizə bildirilib ki, hərbçilər yabanı meyvələr yeyib və bundan zəhərləniblər.
Bu meyvə adi doqquzdon adlanır (latınca Lonicera xylosteum) və hallüsinogen xüsusiyyətlərə malikdir. Az miqdarda istifadə edildikdə hallüsinogendir, narkotiklərə xas olan müxtəlif görüntülər və hisslər yaradır. Bir qədər çox miqdarda istifadə edildikdə huşunu itirmə yarada, hətta komaya sala bilər, yəni insan üçün toksikdir", - deyə mənbədən bildirilib.
Məlumata görə, "Yerkrapa" üzvləri bu meyvənin xüsusiyyətlərini biliblər, elə bu məqsədlə də istifadə ediblər, ancaq miqdarı aşıblar, nəticədə zəhərlənmə baş verib və iki nəfər komaya düşüb:
"Maraqlıdır ki, ilk faciə onlara dərs olmayıb. Komaya düşənlərin nümunəsini ikinci qrup təkrarlayıb və adi doqquzdonun verdiyi "həzz"dən yararlanıblar".
Qeyd edilir ki, zəhərlənən şəxslərin gətirildiyi "Ermənistan" tibb mərkəzinin direktor müavini Aşot Kurqinyan hallüsinogen bitki və ya göbələk istifadəsi nəticəsində Sünik vilayətindən iki dəfə zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmə olması barədə məlumatı təsdiqləyib:
"Onları Sünik vilayətindən bizə köçürdülər, düşünürəm ki, bunlar könüllülər idi (Yerkrapa terrorçuları - red.), onlardan ikisi komada idi. Növbəti dəfə iki gün sonra eyni problemlə daha bir neçə nəfər gətirdilər. Bir neçə gündən sonra onlar özlərinə gəldilər".
"Bu cür hadisələr bir şeydən xəbər verir: ölkəmizin sərhədlərini kimin qoruduğu məlum deyil, ordu və Müdafiə Nazirliyi bu şəxslərə lazımi nəzarət etmir", - deyə nəşr vurğulayıb.
Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın sərhədlərini qoruya bilməsi üçün kifayət qədər hərbçisi yoxdur. Hərbçi çatışmazlığı olduğuna görə orduda "Yerkrapa" kimi terrorçu təşkilatların üzvlərindən istifadə olunur.
Rəylər