FETÖ Terror Təşkilatının lideri Fətullah Gülən 1999-cu ildən bəri yaşadığı ABŞ-nin Pensilvaniya ştatındakı yeni evindən çıxarkən lentə alınıb.
Oxu.Az xəbər verir ki, görüntüləri Türkiyənin "Anadolu" Agentliyi (AA) çəkib.
AA komandası Gülənin FETÖ-nün qərargahı kimi tanınan Saylosburq qəsəbəsindəki Şabalıd Retreat Mərkəzindən təxminən 12 dəqiqəlik uzaqlıqda yerləşən böyük bir evdə qaldığını müəyyən edib.
Rəsmi məlumata görə, 2008-ci ildə təxminən 12 sot torpaq üzərində tikilmiş evin 400 kvadratmetrə yaxın daxili sahəsi var. Dəyəri təxminən 887 min dollardan 1 milyon dollara qədər olan, tənha meşədə yerləşən ev ətrafına və girişinə yerləşdirilən təhlükəsizlik kameraları ilə möhkəm mühafizə olunur.
Ev 2023-cü ildə təşkilatın liderlərindən biri olan Cevdet Türkyolu və Gülənin şəxsi baxımından məsul olduqları bildirilən "Meserret MMC" şirkəti tərəfindən alınıb. Bu şirkətin onların övladlarına məxsus olduğu iddia edilir.
AA-nın pilotsuz təyyarə ilə havadan fotoşəkilini çəkdiyi evin bağçasında 4 lüks nəqliyyat vasitəsi ilə yanaşı, qar arabası və karavan kimi nəqliyyat vasitələri də görünüb.
Komanda çəklişlərini davam etdirərkən dəmir darvazadan iki zirehli maşın çıxıb. Arxada qara rəngli "Mercedes"in ön sərnişin oturacağında əyləşən Gülən qısa da olsa kameralara tuş gəlib.
İki zirehli maşın sürətlə naməlum istiqamətə doğru hərəkət edərək Güləni ərazidən uzaqlaşdırıb.
Bölgədə çəkiliş aparılarkən Gülənin qaldığı evdə olan şəxslər polisə müraciət edib.
AA qrupunun nümayəndələri ilə görüşdən sonra polis Gülənin şəxsi mülkünə girməmələrini deyib. Polis onu da deyib ki, nəqliyyatın hərəkətdə olduğu yol kənarında diqqətli olsunlar.
Rəylər