"Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) İran nüvə proqramı üzrə danışıqların bərpası üçün yaxşı platforma olaraq qalır, lakin həqiqətən, onun bəzi müddəaları köhnəlib".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
"Biz yenidən bu formata (BHFP - red.) qayıda bilərik. Ancaq həqiqət burasındadır ki, onun bəzi müddəaları artıq köhnəlib və bizim üçün artıq heç bir maraq kəsb etmir", - deyə Əraqçı qeyd edib.
Xarici işlər nazirinin sözlərinə görə, Tehran keçmişdən dərs alır, lakin dayanmaq niyyətində deyil və gələcəyə can atacaq.
"Mən hələ də inanıram ki, biz mövcud çərçivədə razılığa gələ biləcəyik. Hər şey yalnız avropalılar və BHFP-nin digər iştirakçıları ilə bərabərhüquqlu mövqelərdə dialoqun bərpa olunacağı razılaşmadan, qarşılıqlı anlaşmaya nail ola bilib-bilməyəcəyimizdən asılıdır", - deyə XİN rəhbəri izah edib.
Onun sözlərinə görə, İran sanksiyaların aradan qaldırılmasında maraqlı olsa da, bu proses Tehranın strateji maraqlarına xələl gətirməyəcək şəkildə olmalıdır.
Sentyabrın 2-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İran nüvə proqramını müzakirə etmək üçün İran Prezidenti Məsud Pezeşkianla tezliklə görüşməyə ümid etdiyini bildirib. Qrossinin sözlərinə görə, o, Birgə Hərtərəfli Fəaliyyət Planı üzərində işləmiş İranın yeni xarici işlər naziri Abbas Əraqçını yaxşı tanıyır və gələcəkdə Tehranla konstruktiv dialoq qurmağa ümid edir.
Rəylər