Türkiyənin İstanbul şəhərində özü kimi 19 yaşında olan Ayşenur Halil və İkbal Uzuner adlı iki qızı vəhşicəsinə qətlə yetirdikdən sonra intihar edən Semih Çeliklə bağlı araşdırmalar davam edir.
Qatilin telefonuna baxış zamanı onun üzvü olduğu qrupda bir mesajlaşma tətbiqi üzərindən özlərini "incel" kateqoriyasına aid edən şəxslərlə əlaqə saxladığı ortaya çıxıb.
Bu barədə Oxu.Az CNN Türk-ə istinadən xəbər verir.
Xatırladaq ki, oktaybrın 5-də Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qadının başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib.
Məlumata görə, ingiliscə "involuntary celibacy" ("məcburi subaylıq") ifadəsinin qısaltması olan "incel" qadınlara və yaşadıqları cəmiyyətə düşmən münasibət bəsləyən, şiddətə və zorakılığa meyilli insanları ifadə edir.
Semih Çelikin törətdiyi cinayətlərdən bir gün sonra internetdə hadisəni törədən şəxsi "dəstəkləyən" və "tərifləyən" yazılar yayılıb ki, bu ifadələrin eyni fikirlərə sahib insanların olduğu mesajlaşma proqramındakı bir qrupdan götürüldüyü iddia edilir. Bu yazılar səbəbilə polis ölkə daxilində genişmiqyaslı təqibə başlayıb.
Kiber-patrul qrupları tərəfindən 24/7 üsulu ilə onlayn şəkildə həyata keçirilən izləmə zamanı "incel" hərəkatı başda olmaqla, cinsi və ya zorakılıq, irqçilik xarakterli yazılar paylaşan hesablar və saytlar nəzarətə götürülüb.
Qeyd edək ki, Semih Çelikin evində axtarışlar zamanı həmçinin şeytani ünsürlərin və ayinlərin əks olunduğu şəkillər aşkarlanıb.
Son illərdə bu cür cinayətlərin arxasında yatan sosioloji və psixoloji səbəblər də maraq doğurur. Türkiyəli mütəxəssislər məsələ ilə bağlı fikirlərini bildiriblər və bu cür qətlləri törədənlərin xüsusiyyətlərindən danışıblar.
Psixiatriya mütəxəssisi, professor Kültegin Ögel: "Təəssüf ki, hazırda cəmiyyətimizdə zorakılıq normal qarşılanır və bir alətə çevrilməyə başlayıb. İnsanlar narkotik istifadə edərkən bunlara daha çox meyilli ola bilərlər. Ancaq bu vəziyyətdə asılılıqdan çox psixopatlıq var. Psixopatlar da narkotik istifadə edirlər. Təbii ki, xəstəxanada hansı diaqnozun qoyulmasından asılı olaraq cavablar dəyişə bilər. Psixopatlar ümumilikdə cəlbedicidirlər. Tarix boyu və bu gün bəzi təriqətlərin (satanizm, incel və s.) liderləri əslində psixopatlardır ki, insanları asanlıqla inandıra və arxalarınca aparmağa nail ola bilərlər".
Klinik psixoloq Aleyna Damla Özcan: "İnsanın narkotik aludəçisi və ya başqa psixoloji problemlərinin olub-olmamasına diqqət yetirilir. Ancaq psixoloji problemlərin olması qadına qarşı zorakılığın izahı deyil və olmamalıdır. Burada qadınlar üçün qoruyucu tədbirlərin yetərincə alınmaması, bu sahədə qanunların kifayət qədər çəkindirici olmaması kimi amillər var ki, bəzi problemlər yarandıqdan sonra deyil, ondan əvvəl tədbirlərin görülməsi vacibdir. Qadınlara qarşı zorakılığın ən mühüm səbəblərindən biri də patriarxal ictimai quruluşdur, qadınlara aid edilən rollarla kişilərə aid edilən rollar arasındakı bərabərsizlik kimi..."
Üsküdar Universiteti Sosiologiya şöbəsinin rəhbəri, professor Barış Ərdoğan: "Bu vəhşi qətllərin son günlər yenidən gündəmə gələn Münəvvər Karabulut cinayəti ilə eyni vaxta təsadüf etməsi diqqət çəkir. "Təqlidedici davranışlar" adlandıra biləcəyimiz bir fenomen var - cinayətə meyilli olan şəxslər ictimaiyyətin diqqətini cəlb edən bir cinayəti təqlid etməyə çalışırlar. Bu məsələlər müzakirə edildiyi və belə cinayətlər barədə məlumat verildiyi zaman son dərəcə diqqətli olmaq lazımdır. Çünki cinayətə meylli olan insanların bu üsulları təqlid etmə ehtimalı yüksəkdir. "Z" nəsli adlandırdığımız yaş qrupunda əvvəlki nəsillərdən fərqli olaraq, zorakılığın son dərəcə bayağı hala gəldiyini, heç bir dəyər və ideologiyaya əsaslanmadan yalnız həyat tərzi kimi qəbul edildiyini görürük. Bu problemin əsasında sosial quruluşun pozulması, dəyərlərin aşınması və ailə quruluşunun dağılması kimi amillər dayanır. Üstəlik, mövcud iqtisadi-sosial nizam da gənclərə ümid vermir. Həyata və gələcəyə ümidi olmayan insanlar ətraflarına məqsədsiz şəkildə zorakılıq yaymaqdan həzz alırlar. Bu problemləri həll edilməsi üçün sosial quruluşun və ekoloji mühitin yaxşılaşdırılması lazımdır. Cinayət nisbətinin yüksək olduğu məhəllələrə sosial xidmət işçiləri və psixoloqlar təyin edilə bilər".
Xatırladaq ki, 2009-cu il martın 3-də lisey şagirdi olan Münəvvər Karabulut sevgilisi Cem Qaripoğlu tərəfindən Bahçeşehirdəki villasında boğazı kəsilərək öldürülüb. 17 yaşlı Karabulutun cansız bədəni parçalanmış şəkildə gitara qutusuna qoyulub və Etiler rayonunda zibil konteynerinə atılıb. Qızın qalıqları zibil yığan şəxs tərəfindən aşkar edilib.
Türkiyənin İstanbul şəhərində özü kimi 19 yaşında olan Ayşenur Halil və İkbal Uzuner adlı iki qızı vəhşicəsinə qətlə yetirdikdən sonra intihar edən Semih Çeliklə bağlı araşdırmalar davam edir.
Rəylər