Kolumbiya kəşfiyyatı ölkə Prezidenti Qustavo Petroya qarşı sui-qəsdin hazırlanması barədə informasiya alıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin milli müdafiə naziri İvan Velaskes məlumat verib.
"Gözlənilən sui-qəsd cəhdi ilə bağlı informasiya əldə edilmişdi, lakin təfərrüatı açıqlamayacağam", - deyə o bildirib.
Nazir iyulun 20-də - Kolumbiyanın Müstəqillik Günündə Petroya qarşı hazırlanan sui-qəsd planı barədə açıqlama verib.
"Kəşfiyyat orqanları prezidentin müdafiəsinin təminatı üçün daim çalışır. Bir çox hallar olub ki, prezidentə qarşı yönəlmiş mümkün hərəkətlər haqqında müxtəlif növ məlumatlar daxil olub və lazımi tədbirlər görülüb", - deyə Velaskes qeyd edib.
Xatırladaq ki, iyulun 20-də Qustavo Petro Müstəqillik Günü münasibətilə keçirilən hərbi parada nəzərdə tutulan vaxtdan üç saat gec gəlib. Ertəsi gün dövlət başçısı "X" hesabında yazıb ki, ABŞ səfirliyindən alınan məlumatlar yoxlandığı üçün gecikib.
Rəylər