"KXDR Cənubi Koreyaya məxsus pilotsuz təyyarənin öz hava məkanında yenidən peyda olmasını müharibə elanı kimi qiymətləndirəcək".
Oxu.Az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bunu KXDR-in Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi deyib.
"Biz inanırıq ki, Koreya Respublikasının hərbçiləri pilotsuz təyyarələrin müdaxiləsi ilə bağlı insidentlərdə iştirak edir. Bir daha xəbərdarlıq edirik ki, PUA yenidən görünsə, biz onu Koreya Respublikasından gəlmiş hesab edəcəyik, bunu respublikamıza müharibə elanı kimi qiymətləndirəcəyik və öz mülahizəmizlə hərəkət edəcəyik", - məmur bildirib.
Bundan əvvəl KXDR Xarici İşlər Nazirliyi bəyanat yaymışdı ki, Cənubi Koreya oktyabr ayında siyasi vərəqələr yaymaq üçün üç dəfə Pxenyanın hava məkanına PUA-lar göndərib. Cənubi Koreya ordusu isə KXDR-ə pilotsuz aparatları göndərmədiyini bildirib.
Qeyd edilib ki, Koreya Xalq Ordusunun (KXO) Baş Qərargahı sərhəd xəttinə yaxın artilleriya birləşmələrini atəşə tam hazır vəziyyətə gətirmək əmrini verib. KXDR hərbçiləri oktyabrın 13-də yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 15:00) tam döyüş hazırlığına gətirilib. Pxenyanda hava hücumundan müdafiə müşahidə məntəqələri gücləndirilib.
Rəylər