Kursk vilayətinin Əməliyyat Qərargahı gərgin vəziyyətin davam etdiyi Belovski rayonunun sakinlərinin təxliyə edilməsi barədə qərar qəbul edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə vilayətin rəhbəri vəzifəsini icra edən Aleksey Smirnov özünün "Telegram" kanalında xəbər verib.
Onun sözlərinə görə, hazırda kütləvi xəbərdarlıq aparılır, təhlükəsiz zonalarda avtobuslar hazırlanıb. Smirnov vurğulayıb ki, regional Nəqliyyat Nazirliyinə artıq əlavə nəqliyyatın təşkili tapşırılıb, könüllülər təxliyəyə kömək edirlər, həmçinin müvəqqəti yerləşdirmə məntəqələrində təxliyə olunanlar üçün yerlər hazırlanıb.
"İndi əsas məsələ rayondan çıxmaq imkanı barədə yaşayış məntəqələrinin sakinlərini operativ şəkildə xəbərdar etməkdir. Rayon administrasiyasının rəhbərinə və kənd yaşayış məntəqələrinin başçılarına bütün müvafiq göstərişlər verilib", - deyə o, qeyd edib.
Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Belqorod vilayətinin Krasnoyarujsk rayonunun sərhədinə kimi gediblər. Bununla əlaqədar sakinlərin təhlükəsiz yerlərə köçürülməsinə başlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.
"Biz səhəri təşvişlə açdıq, Krasnoyarujsk rayonunun sərhədində düşmən fəallığı müşahidə olunur. Əminəm ki, hərbçilərimiz yaranmış təhlükənin öhdəsindən gəlmək üçün hər şeyi edəcəklər. Lakin əhalimizin həyatını və sağlamlığını qorumaq üçün Krasnoyarujsk rayonunda yaşayan insanları daha təhlükəsiz yerlərə köçürməyə başlayırıq", - deyə o, videomüraciətində bildirib.
Region rəhbəri əlavə edib ki, hazırda yerlərdə insanların təxliyəsi razılaşdırılır, nəqliyyat göndərilib.
Rəylər