ABŞ-li investor Stiven Linç ABŞ hökumətinə müraciət edərək, Rusiyanın partlayış nəticəsində zədələnmiş "Şimal axını-2" qaz kəmərini almaq istədiyini deyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" nəşri investorun ölkənin Maliyyə Nazirliyinə məktubuna istinadən məlumat verib.
Qeyd olunub ki, "Şimal axını-2" İsveçrənin iflas proseduruna uğun olaraq hərraca çıxarılacağı təqdirdə Stiven Linç orada iştirak etmək istəyini ifadə edib.
Nəşr yazır ki, kölgədə qalmağa üstünlük verən Linç Moskvada 20 il bizneslə məşğul olub.
O, ölkəsinin rəsmilərinə və qanunvericilərə bildirib ki, ABŞ-nin boru kəmərinə sahib olması Ukraynadakı münaqişəyə son qoymaq və ABŞ-nin uzunmüddətli maraqlarına xidmət etmək baxımından Rusiya ilə istənilən sülh danışıqlarında rıçaq rolunu oynayacaq.
Onun fikrincə, bu kəmərə sahib olmaq ABŞ və Avropa üçün qazıntı yanacağı dövrünün sonuna qədər qitənin enerji təchizatına nəzarət etmək üçün unikal imkandır.
Qeyd edək ki, iyun ayında İsveçrə məhkəməsi "Şimal axını-2" qaz kəməri operatorunun iflas prosedurunu 2025-ci ilin yanvarına qədər uzadıb.
Xatırladaq ki, 2022-ci il sentyabrın 27-də "Şimal axını-1" və "Şimal axını-2"də sızmalar aşkar edilib. Ertəsi gün İsveç Seysmik Mərkəzinin sözçüsü Byorn Lund sızmaların olduğu ərazidə iki güclü sualtı partlayışın qeydə alındığını söyləyib. Oktyabrın ortalarında İsveç jurnalistləri norveçli mütəxəssislərlə birlikdə "Şimal axını" kəmərinin dağıdılmış 50 metrlik hissəsini aşkar edərək, görüntülərini çəkiblər. Noyabrın 18-də İsveç Dövlət Təhlükəsizliyi Xidməti "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərində təxribatın təsdiqləndiyini açıqlayıb. Qəza yerində partlayıcı maddələrin izləri aşkar edilib.
Rəylər