Milyarder sahibkar İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla "X" sosial şəbəkəsində platformanın istifadəçilərin canlı yayımlar apardığı "Spaces" funksiyası çərçivəsində söhbət edib.
Oxu.Az-ın rg.ru-ya istinadla verdiyi məlumata görə, yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə çərşənbə axşamı səhər saat 4-də) planlaşdırılan və bütün dünyada yüz minlərlə istifadəçinin gözlədiyi müsahibə 40 dəqiqə gec başlayıb.
Mask bununla əlaqədar bildirib ki, "X" genişmiqyaslı DDoS hücumuna məruz qalıb və buna görə yayım gecikib.
Söhbətin ilk mövzusu Pensilvaniya ştatının Batler şəhərində Trampa qarşı sui-qəsd cəhdi barədə olub.
"Bu möcüzə idi. Əgər başımı çevirməsəydim, hazırda sizinlə danışmırdım. Bu hadisə mənim Tanrıya olan inamımı gücləndirdi", - deyə Tramp hadisə barədə danışarkən bildirib.
Bundan sonra o, Rusiya, Çin və Şimali Koreya liderləri ilə yaxşı münasibətdə olmalarından söz açıb:
"Onlar öz oyunlarının zirvəsindədirlər, onlar sərtdirlər, ağıllıdırlar və öz ölkələrini müdafiə edəcəklər. Və Kamalanı (Harris) və ya yuxulu Conu (Bayden) görəndə buna inana bilmirlər", - deyə Tramp əlavə edib.
Respublikaçıların namizədi nüvə müharibəsi təhlükəsi barədə də fikrini bildirib:
"İnsanlar qlobal istiləşmə, iqlim dəyişikliyi haqqında danışırlar, amma heç vaxt nüvə "istiləşməsi" haqqında müzakirə etmirlər. Bu gün bu problemdir. Böyük nüvə gücünə malik beş ölkəmiz var. Digərləri də onlara qoşulur. Bu çox təhlükəlidir. Mən üçüncü dünya müharibəsinin qarşısını alacağımı deyəndə, məhz bunu edəcəyəm. Amma həqiqət budur ki, bu müharibə artıq ordu, tanklar və bir-birinə atəş açan əsgərlər haqqında olmayacaq. Bu, hələ heç kimin görmədiyi başqa bir dağıntı səviyyəsi olacaq".
Ukrayna müharibəsinə gəldikdə Tramp deyib ki, özü prezident olsaydı, buna imkan verməzdi.
"Mən gedəndə onlar Ukrayna sərhədində böyük ordu formalaşdırmağa başladılar. Mən düşünürdüm ki, Putin məsələsində - o yaxşı danışıqlar aparandır, onlar bunu danışıqlar aparmaq üçün edirlər. Sonra Bayden axmaq şeylər deməyə başladı. Məsələn, o dedi ki, Ukrayna NATO-da ola bilər. NATO mövcud olduğu vaxtdan bəri, Rusiya buna heç vaxt razı olmayacağını deyib. Biz isə belə bir şey deyirik, çünki aşağı IQ-lü prezidentimiz var. Onun IQ-sü 30 il əvvəl də aşağı idi, indi isə yəqin ki, ümumiyyətlə, yoxdur. Rusiya bizimlə birlikdə Almaniyanı məğlub etdi. Napoleonu məğlub etdi. Onların nəhəng gücü var. Ukraynada isə indi, hətta adam da yoxdur. Onlar müharibəyə gənc və yaşlı insanları göndərirlər. Biz dəhşətli vəziyyətdəyik", - deyə o bildirib.
Tramp prezident Co Baydenin 2024-cü il seçki marafonundan çıxmaq qərarını "çevriliş" adlandırmağa davam edib.
"Bütün bu məsələ başlayandan bəri o (Kamala Harris), müsahibə verməyib", - deyə Tramp bildirib.
"Bu bir çevriliş idi", - deyə keçmiş prezident əlavə edib.
Onun sözlərinə görə, demokratlar "Baydeni anbarın arxasına apardılar və faktiki olaraq onu güllələdilər".
Qeyd edək ki, müsahibədən əvvəl Avropa İttifaqı Maskdan Trampla müsahibəni senzuraya məruz qoymağını istəyib. Avropa Komissiyasının rəqəmsal texnologiyalar üzrə komissarı Terri Breton sosial şəbəkə hesabından sahibkara "zərərli kontentin yayılmasını dayandırmaq öhdəliyi"ni xatırladıb.
"Əgər Mask senzuradan imtina edərsə, Aİ "X"ə qarşı əlavə tədbirlər görəcək", - deyə o bildirib.
Amerikalı milyarder isə Bretona mem paylaşmaqla cavab verib:
"Dürüst olmaq lazımdırsa, mən həqiqətən bu "Tropic Thunder" memi ilə cavab vermək istəyirdim, amma mən HEÇ VAXT belə kobud və məsuliyyətsiz bir şey etmərəm!" - deyib.
Rəylər