ABŞ-də keçmiş prezident Donald Trampın qətlini sifariş etməkdə şübhəli bilinən Pakistan vətəndaşı həbs edilib.
Oxu.Az CNN-ə istinadən bildirir ki, şübhəli şəxs iyulun 12-də ölkəni tərk etmək istəyərkən saxlanılıb. Müstəntiqlər onun bir müddət İranda yaşadığını aşkarlayıblar.
Araşdırmalar zamanı məlum olub ki, pakistanlı Trampın qətlini törədəcək şəxsləri işə cəlb etmək üçün ABŞ-yə gəlib. Sensasiyalı faktlar üzə çıxıb - qətli törədənlərin hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu aydınlaşıb. ABŞ Ədliyyə Departamentinin araşdırması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Qasım Süleymaninin öldürülməsinə görə qisas məqsədilə sui-qəsd planlaşdırıldığı ortaya çıxıb.
Şübhəli şəxsin qətli birbaşa icra edəcək kişiləri, kəşfiyyat aparmaq üçün bir qadını və sui-qəsddən sonra ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə etiraz aksiyası keçirməli olan daha 25 nəfəri axtardığı bildirilir. Onun Trampın qətli üçün artıq 5000 dollar avans ödədiyi də vurğulanıb. Lakin saxlanılan şəxsin bu ilin iyulunda Pensilvaniyada keçirilən mitinq zamanı Trampın yaralanması ilə əlaqəsinin olmadığı qeyd edilib.
Xatırladaq ki, iyulun 13-də ABŞ-nin keçmiş lideri Donald Trampın Pensilvaniya ştatında seçki kampaniyası zamanı onun həyatına qəsd cəhdi edilib. Atıcı zərərsizləşdirilib, siyasətçi isə yüngül xəsarətlər alıb.
İranın "Qüds qüvvələri"nin komandanı Qasım Süleymani isə 2020-ci ilin yanvarında Bağdadda ABŞ-nin hava zərbəsi nəticəsində öldürülüb. O zaman İran rəhbərliyi Vaşinqtonu hədələyərək bunun qisasının alınacağını bəyan etmişdi.
Rəylər