Türkiyədə səhiyyə sektorunda böyük qalmaqala səbəb olan "Yenidoğan" adlı cinayətkar dəstə ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
Bu barədə Oxu.Az "TGRT Haber"ə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən dəstə sağlam körpələri müqavilə bağladıqları xəstəxanaların reanimasiya şöbələrində qəsdən saxlayaraq Sosial Müdafiə Qurumundan (SGK) pul alıb və yanlış müalicə nəticəsində çox sayda körpənin ölümünə səbəb olub.
Hazırda məlum olub ki, dəstənin cinayətkar əməlləri təkcə körpələrlə məhdudlaşmayıb, həmçinin yetkin xəstələr üzərində də eyni hərəkətləri tətbiq ediblər.
Sadə yoluxucu xəstəlik səbəbindən xəstəxanaya müraciət edən yaşlı qadının ölümü ilə nəticələnən müalicə prosesi bu dəhşətli hadisənin detallarını ortaya çıxarıb.
75 yaşlı Fatma Usta infeksiya səbəbindən Bağcılardakı Özəl Şafak Xəstəxanasına aparılıb. Lakin onun müalicə prosesi gözlənildiyindən fərqli keçib. Fatma Usta xəstəxanada olarkən qızı ilə görüşüb və bununla bağlı narahatlığını dilə gətirib.
"Məni buradan çıxarın, burada məni öldürəcəklər", - deyə qadın qorxusunu ifadə edib.
Həkimlər xəstənin vəziyyətinin yaxşı olduğunu bildirsələr də, Usta tezliklə intubasiya olunub və 4 gün sonra da dünyasını dəyişib. Öz ayağı ilə getdiyi xəstəxanadan meyiti çıxan Fatma Ustanın ailəsi yaşlı qadının xəstəxanada qəsdən saxlanıldığını və müalicə almağa məcbur edildiyini bildirib.
"Yenidoğan" dəstəsinin mühakimə olunduğu iş materiallarında təkcə körpələrin deyil, yetkin xəstələrin də qurban getdiyinə dair sübutlar var.
Dəstə üzvü olan tibb bacılarından birinin həkimə dediyi sözlər vəziyyəti üzə çıxarıb.
"Yetkinləri, ayaqları üzərində girəni belə öldürüb çıxarırsan. Həkimsən sən də?" - deyə o, həkimə bildirib.
Dəstə üzvləri arasında gedən dialoqlar qeyri-qanuni əməllərin xəstəxanada necə sistematik hala gəldiyini göstərir.
"Bunlar indi yenidoğulmuş olduqlarını düşünürlər, amma sabah ya o biri gün yetkinlərə də başlayar SGK", - deyə dəstə üzvü olan iki tibb bacısının danışıqları diqqət çəkib.
Dəstə üzvlərindən biri bu hərəkətlərin təkcə yenidoğulmuşlar şöbəsində deyil, yetkin xəstələr üzərində də aparıldığını etiraf edib.
"Xəstə qəbul edirlər, qanunsuzluqlara yol verilir, xəstələrin xəstəxanada qalmasını uzadırlar", - deyə o bildirib.
Rəylər