Bəzi qidalar ayrılıqda istehlak edildikdə heç bir zərər verməsə də, birlikdə qəbul edildikdə faydalılığını itirə və hətta orqanizmdə toksik təsirlərə səbəb ola bilər.
Oxu.Az-ın "CNN Türk"ə istinadən xəbərinə görə, bu barədə türkiyəli mütəxəssis, diyetoloq Şükrü Can Gülşen əhəmiyyətli açıqlamalar verib.
Pomidor və xiyar birlikdə istehlak edilməməlidir
Pomidor və xiyar birlikdə istehlak edildikdə orqanizmə zərər verə və həzm problemi yarada bilər və bu səbəbdən tövsiyə edilmir. Belə ki, xiyar və pomidor bir-biriləri ilə uyğunluq təşkil edən tərəvəzlər deyil və mədəyə çatdıqda fermentasiya prosesi başlayır, bu da şişkinlik və həzmsizlik probleminə gətirib çıxarır. Xüsusilə mədə problemi olanlar bu mövzuda çox diqqətli olmalıdırlar.
Südlə birlikdə qəbul edilməməli olan qidalar
Süd özü kimi yüksək amin turşularından ibarət digər qidalarla birlikdə istehlak edilməməlidir. Məsələn, toyuq, balıq, pendir, yumurta və qatıq südlə birlikdə istehlak edildikdə yaranan ifrat protein qaraciyərə ağırlıq verir və orqanizmdə toksik təsirlərə səbəb ola bilər.
Qatıqla birlikdə istehlak edilməməli olan qidalar
Balıq və qatıq birlikdə qəbul edilərsə, zəhərlənmə verə biləcəyi düşüncəsi doğru deyil. Əgər balıq köhnədirsə, məhz bu səbəbdən bəzi problemlər yarana bilər, amma bunun qatıqla heç bir əlaqəsi yoxdur. Amma sirkə və xama qətiyyən qatıqla birlikdə istehlak edilməməlidir. Həmçinin turp və tərənin də yüksək turşuluğa malik olduqları üçün qatıqla birlikdə istehlak edilməməsi tövsiyə olunur.
Soğanla birlikdə istehlak edilməməli olan qidalar
Xəstəliklərin qarşısını alınmasında təbii vasitə olan soğan demək olar ki, bütün yeməklərlə birlikdə istehlak edilə bilər. Lakin sarımsaq və soğan birlikdə yeyildikdə mədə və bağırsağın turşuluğunu artırdığı üçün qəti şəkildə məsləhət görülmür.
Qırmızı ətlə birlikdə istehlak edilməməli olan qidalar
Qırmızı ətin tərkibində yüksək amin turşusu və dəmir var. Sarımsaq və sirkə amin turşularının faydalılığını azaltdığı üçün birlikdə istehlak edilməsi məqsədəuyğun hesab edilmir. Eyni zamanda, artıq kalsium dəmirin udulmasını azaldacağı üçün süd məhsulları ilə birlikdə qəbul edilməsi bioloji faydalılıq baxımından məsləhət görülmür. Amma limonda olan askorbin turşusu dəmirin udulmasını artırdığı üçün birlikdə istehlakı mümkündür.
Meyvələrlə birlikdə istehlak edilməməli olan qidalar
Meyvələrdə fruktoza adlı meyvə şəkəri var. Bu şəkər digər şəkərlərlə birləşdikdə şəkər spirtinə çevrilir, ona görə də meyvələri şəkərlə və ya bal, mürəbbə, şokolad kimi şəkərli məhsulları ilə birlikdə istehlak etmək diabet, insulinə qarşı müqavimət baxımından olduqca təhlükəlidir.
Rəylər