Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vaşinqton sammitinin bəyannaməsində Gürcüstanın NATO perspektivləri barədə qeydlər çıxarılıb
"NATO-nun Vaşinqton sammitinin yekun bəyannaməsində Gürcüstanın Avro-Atlantik perspektivi haqqında ənənəvi qeyd yoxdur".
Oxu.Az-ın məlumatına görə, bunu Hudson İnstitutunun elmi əməkdaşı Lük Koffi özünün "X" sosial şəbəkə hesabından yazıb.
"Vaşinqton sammitinin yekun bəyannaməsindən Gürcüstanın NATO-ya üzv olmaq istəyi ilə bağlı bütün qeydlər çıxarılıb. 2008-ci ildən Buxarestdə görülən bütün ağır işlər "Rusiya qanunu" səbəbindən heçə endirildi", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, NATO sammitində Gürcüstanı xarici işlər naziri İliya Darçiaşvili təmsil edib. O bildirib ki, NATO-ya inteqrasiya Gürcüstanın xarici siyasət prioriteti olaraq qalır.
Yekun bəyannamədə Gürcüstana az diqqət yetirilməsini isə o, sammitin əsas xəttinin Ukraynadan keçməsi ilə izah edib.
Darçiaşvilinin səfəri Vaşinqtonun rəsmi Tbilisi ilə münasibətlərini yenidən nəzərdən keçirdiyi bir vaxtda baş tutur. Ötən həftə Vaşinqton Gürcüstanda hər il keçirilən "Noble partner" ("Layiqli tərəfdaş") təlimlərini təxirə salmaq qərarına gəlib. Təlimlər 25 iyul - 6 avqust tarixlərində keçirilməli idi.
Rəylər