"Ferrari" komandasından moneqasklı Şarl Lekler 2024-cü il mövsümünün "Formula-1" avtomobil sinfi üzrə dünya çempionatının 19-cu mərhələsinin - ABŞ Qran-prisinin qalibi olub.
Oxu.Az xəbər verir ki, yarış Ostində (Texas) "Circuit of the Americas" avtodromunda baş tutub.
Leklerin "Ferrari"dəki partnyoru ispaniyalı Karlos Sayns ikinci olub. Üçüncü yeri "Red Bull"dan niderlandlı Maks Ferstappen tutub.
Əslində Ferstappen "McLaren"dən britaniyalı Lando Norrisin gerisində finiş görərək dördüncü olub, lakin yekun protokolda Norris dördüncü yerə enib. Belə ki, britaniyalı sürücü ötmə qaydalarını pozduğuna görə beş saniyəlik cəza alıb.
Lekler bu mövsüm üçüncü dəfə dünya çempionatında qələbə qazanıb, bundan əvvəl moneqasklı Monako və İtaliya Qran-prilərində birinci olub.
Fərdi yarışda Ferstappen 354 xalla liderliyini qoruyub, ikinci yeri Norris (297 xal), üçüncü yeri isə Lekler (275) tuturlar. Mühəndislərin çempionatında "McLaren" liderdir (544), "Red Bull" ikinci (504), "Ferrari" isə üçüncüdür (496).
Dünya çempionatının növbəti, 20-ci mərhələsi oktyabrın 25-dən 27-dək Meksikada keçiriləcək.
Rəylər