Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızdan biri də Həsrət Cəfərovdur. Yunan-Roma güləşçisi Fransanın paytaxtında bürünc medal qazanıb.
Prezident İlham Əliyevin sərəncamı ilə ona 150 min manat mükafat verilib. İdmançımız, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Modern.az Həsrət Cəfərovla həmsöhbət olub.
O, cəmi 22 yaşındadır. Goranboy rayonundan olan idmançı ötən il Avropa çempionatının qalibi olub. 2023-cü ilin sentyabr ayında isə Serbiyanın Belqrad şəhərində baş tutan dünya çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalını qazanıb. Bu nəticələrə əsasən, Həsrət Cəfərov Paris Olimpiadasına lisenziya əldə edib.
Güləşçi bildirib ki, idmana olan həvəsi uşaqlıqdan yaranıb:
"Böyük qardaşıma baxdıqca bu sahəyə olan marağım daha da artırdı. Özümü bu sahədən başqa heç yerdə təsəvvür edə bilmirəm. Yarışlara yollananda qızıl medal almağı qarşıma məqsəd qoymuşdum. Birinci olmaq istəyirdim, üçüncü oldum. Buna da şükürlər olsun. Əsas odur ki, vətənə medalsız qayıtmadım. Bu yarışlarda iştirak etmək belə ən yüksək zirvədir. Hər kəsə olimpiadada çıxış etmək nəsib olmur. Orada asan rəqib olmur, bütün rəqiblər çətindir. Bundan sonra isə qarşımda olimpiya çempionu olmaq var. İnanıram ki, nə vaxtsa buna nail olacağam".
O, Prezident İlham Əliyevə idman sahəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib:
"Cənab Prezidentimizin idmana göstərdiyi qayğının nəticəsidir ki, biz uğur qazanaraq vətənə qayıtdıq".
Müsahibimiz qeyd edib ki, hələ yaşı gənc olduğu üçün başqa peşədə çalışmaq barədə düşünmür.
"Uzun illər güləşəcək və uğur qazanmağa davam edəcəyəm. Qarşımda böyük məqsədlərim var və onlara çatmaq üçün mübarizə aparacağam. Bu yolda ağır zədələr də almışam, qolum və çənəm sınıb. İdman zədəsiz olmur. Mən bu işimdən həzz alıram və ürəklə çalışıram. Ona görə də mənə yorucu gəlmir", - Həsrət Cəfərov deyib.
Gənc güləşçi idman sahəsində yeni başlayanlara da məsləhət verib:
"Əgər uğur qazanmaq istəyirlərsə, müəllimlərinin dediklərinə əməl etsinlər. Müəllimləri bir deyirsə, onlar üç etsinlər. Ancaq bu yolla uğur qazana bilərlər".