Azərbaycan milli, dini və irqi ayrı-seçkiliyə məruz qalan və bu baxımdan ön sırada olan ölkələr arasındadır desək, yanılmarıq. Bunun ən böyük nümunəsini biz 30 il ərzində torpaqlarımız Ermənistan silahlı qüvvələrinin işğalı altında qalanda görmüşük. Hətta torpaqlarımız işğaldan azad ediləndən sonra bəzi qərəzli ölkələrin və təşkilatların nəinki mövqeyi dəyişmədi, əksinə, güclü Azərbaycan qısqanclığı onları daha da azğınlaşdırdı. Bir sözlə, ikili standartlar siyasəti yenə də yaxamızdan əl çəkmədi. Lakin təəssüflər olsun ki, bu riyakarlıq və ayrı-seçkilik təkcə diplomatik müstəvidə deyil, hətta beynəlxalq idman yarışlarında, sosial və mədəni tədbirlərdə də özünü nümayiş etdirdi və etdirməyə də davam edir. Halbuki, idman, mədəniyyət, incəsənət insanlar, millətlər arasında ən gözəl əməkdaşlıq vasitəsidir. Buna siyasətin çirkabı qatılanda çox eybəcər olur. Baxmayaraq ki, bu sahələrin də artıq siyasiləşdiyi heç kimdə şübhə doğurmur.
Bu çirkin oyunların, ikili standartların ən murdar tərəflərini başladığı gündən özündən mənfi mənada söz etdirən Paris-2024 Yay Olimpiya Oyunlarında daha açıq şəkildə gördük. Turnirin açılış mərasimi zamanı nümayiş olunan biabırçılıqlar, təbii ki, Azərbaycandan da yan keçmədi. Ona görə təbii deyirik ki, söhbət ermənidən daha çox erməni olmağa çalışan Makron Fransasından gedir. Açılış mərasimində azərbaycanlı idmançılara edilən hörmətsizlik, Qarabağın Ermənistan ərazisi kimi təqdim edilməsi turnirin hansı ab-havada keçəcəyini nümayiş etdirdi. Lakin təxribat bununla da bitmədi. Analoji hal bayrağımıza qarşı da edildi. Belə ki, Parisdə qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə çıxan cüdoçumuz Hidayət Heydərova Azərbaycan bayrağı ilə sevinməyə icazə verilmədi. Bundan əvvəl isə Qazaxıstan komandasının təmsilçisinə qarşı da müvafiq addım atılıb, idmançının qələbə sevincini bayrağı ilə qeyd etməsi "məqsədəuyğun" hesab edilməyib.
Maraqlı olan budur ki, Paris-2024-də analoji addım başqa ölkələri təmsil edən idmançılara qarşı atılmır. Məsələn, nümunə kimi ABŞ və Yaponiya komandasının idmançılarının Olimpiya Oyunlarında qələbəni öz ölkələrinin bayraqları ilə qeyd etmələrini göstərə bilərik. Sual yaranır: Niyə ABŞ və Yaponiyaya olar, amma Azərbaycan və Qazaxıstana yox? Səbəb nədir? Bu iki ölkənin türk və islam coğrafiyasına mənsub olması? Bu, ikili standart deyil, bəs nədir?
Təəssüflər olsun ki, bu cür haqsızlıqlar, ayrı-seçkiliklər ilk deyil və biz bunun müxtəlif formalarına müxtəlif zaman və məkanlarda şahid olmuşuq. Məsələn, AVRO-2024-də türkiyəli futbolçu Merih Demiral açıq şəkildə ayrı-seçkiliyə məruz qaldı. Belə ki, Serbiya forması ilə "Çetnik" (İkinci Dünya müharibəsi zamanı fəaliyyət göstərən radikal millətçi, anarxist serb partizanları) salamlamasına görə Duşan Tadiç cəza almadı, Niderland forması ilə "Aslan pəncəsi" salamı verən Vaut Veqorst cəza almadı, İngiltərə forması ilə rəqibini açıq-aşkar təhqir edən Cud Bellingem 30 min avro və cəmi bir oyun diskvalifikasiya cəzası aldı. Lakin Türkiyə milli futbol komandasının üzvü Merih Demiral "bozqurd" işarəsi tutdu deyə iki oyunluq yaşıl meydançalardan kənarlaşdırıldı. UEFA-nın bu "qeyri-standart cəzası"na ikiüzlülükdən başqa nə ad vermək olardı?
2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Rusiyanı təmsil edən erməni gimnast Seda Tutxalyanın çıxışı zamanı ölkəmizə qarşı baş verən təxribatı da xatırlatmaq yerinə düşər. İdmançının çıxışı zamanı Azərbaycan ritmləri səsləndi, lakin növbəti dəfə də erməni saytları mahnını Ara Gevorkyanın bəstəsi kimi təqdim etdilər.
Təəssüf ki, bu cür xoşagəlməz hallar "Qarabağ" futbol klubunun oyunlarında daha çox müşahidə olunub. 2019-cu ildə "Qarabağ"ın "Düdelanj"la keçirdiyi oyunun 31-ci dəqiqəsində meydançanın üzərində dron hərlənməyə başladı və qurğunun aşağısında qondarma rejimin əski parçası dalğalandı. Yerli hüquq-mühafizə orqanlarının cəhdi ilə dron endirildi, Lüksemburqun idman naziri isə rəsmi şəkildə stadionda anons etdirərək "Qarabağ" klubundan üzr istədi. Təxribatçı isə buna görə heç bir cəza almadı.
2022-ci ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Lüksemburq - Azərbaycan görüşündə ermənilər yenə də ənənəvi təxribata can atdılar. Lakin separatçıların əski parçası milli komandamızın və "Sumqayıt" klubunun mühafizə xidmətinin rəisi Elnur İbişov tərəfindən dərhal yığışdırılaraq layiqli yerinə - ayaq altına - atıldı. Maraqlıdır ki, bu cür mövzulara "həssas" yanaşan, 2023-cü ildə Avropa çempionatının Türkiyə-Ermənistan oyununda Azərbaycan bayraqlarının stadiona keçirilməsini qadağan edən UEFA, eləcə də FIFA kimi beynəlxalq futbol federasiyaları separatçıların əski parçalarını tribunalara keçirmələrinə necə icazə vermiş və ya niyə mane olmamışdılar? Yoxsa bu qərarlar ancaq bizim üçün keçərlidir? Əgər belə deyilsə, 2019-cu ildə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin paytaxtı Nikosiyada keçirilən APOEL - "Qarabağ" oyununda meydanın "Qarabağ"a aid olan hissəsinə yaxın yerdə Yunanıstan bayrağı ilə yanaşı Ermənistan bayrağı niyə asılmışdı?
Hətta ötən il Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin Dövlət Bayrağı bir neçə hissəyə parçalanmış şəkildə asılmış, Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilmişdi.
Canlı yayımlanan açılış mərasimində isə bayrağımız hamının gözü qarşısında turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılmışdı.
İdmanda da ikili standarta məruz qalan Azərbaycan
Ümumiyyətlə, bir dövlətin başqa bir dövlətə duyduğu kin-küdurətini idmanda da nümayiş etdirməsi heç də yaxşı hal deyil. Ona görə də bu düşüncədə olan bütün ölkələr ilk növbədə Azərbaycandan və onun Prezidentindən nümunə götürməlidirlər. Unudanlara xatırladaq: 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında baş vermiş hadisə yenidən gündəm olub. Belə ki, boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxmışdı. Prezidentin bu addımı azarkeşlər tərəfindən alqışlarla müşayiət olunmuşdu.
Mərahim Nəsib