"Sevinirəm ki, 5-ci dəfə Olimpiya Oyunlarında iştirak etdim".
Bunu İdman.biz-ə Azərbaycan millisinin güləşçisi Mariya Stadnik (50 kq) deyib.
Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 finalda Otqonjarqal Dolqorjava (Monqolustan) məğlub olan Stadnik bildirib ki, karyerasını davam etdirməyə hələ gücü var: "İstirahətə ehtiyacım var. Bütün gücümü, enerjimi, vaxtımı Olimpiya Oyunlarına hazırlıq üçün sərf etmişdim. Təəssüf ki, medal qazana bilmədim. Amma indi sakitəm. Çünki bilirəm ki, qalib olmaq üçün hər şansdan istifadə etdim. Ümid edirəm ki, gənc idmançılarımızı motivasiya edə bilərəm. Onlara tövsiyəm budur ki, məğlubiyyətlərə və yaşa baxmayaraq sona qədər getməli və işlərini sevməlidirlər. Karyeramı davam etdirməyə hələ gücüm var. Amma istirahət etdikdən sonra bu yolda davam edib-etməyəcəyimə qərar verəcəyəm".
Qeyd edək ki, London-2012 və Rio-2016-nın gümüş mükafatçısı olan Stadnik Pekin-2008 və Tokio-2020-də bürünc qazanıb.
Rəylər